Əvvəllər Süryanicə "Hah" kimi tanınan Anıtlı kəndi Mardinin Midyat rayonunda yerləşir. İlk xristian cəmiyyətlərinin qurulduğu və bir çoxunun hələ də mövcud olduğu Anıtlı kəndi, keçmişdə İpək Yolu üzərində mühüm ticarət mərkəzi olmuşdur.
Newscenter.az xəbər verir ki, tolerantlığı və dinc mühiti ilə dünyaya səs salan Midyat; Aysorların, Müsəlmanların, Yezidilərin və digər Xristian icmalarının birlikdə yaşadığı mədəniyyət beşiyidir. Dünyanın ən qədim Aysor Pravoslav monastırı olan “Mor (Müqəddəs) Gabriel” də Anıtlı-Midyatda, “Tur Abdin” (süryanı dilində “Allahın qullarının dağı” mənasını verir) bölgəsinin mərkəzində yerləşir. Şimalda və şərqdə Dəclə çayı, cənubda Mesopotamiya düzənliyi və qərbdə Mardin ilə əhatə olunmuş bölgə, fərqli mədəniyyətləri və dilləri, müxtəlif dinləri və çox xüsusi zövqləri ilə ziyarətçilərini unikal orta əsr səyahətinə aparır. Bölgəyə gələn qonaqlar Anıtlı və Midyat arasındakı məsafənin yaxın olmasından faydalanıb eyni mədəni marşrutlar üzərindən hər iki istiqamətə ziyarət edə bilərlər.
Tarixi kilsələr və monastırlar dünyasına doğru...
Anıtlının yerləşdiyi "Midyat və Midyatətrafı Son Antik və Orta Əsr Kilsəsi və Monastırları (Tur Abdin)" 2021-ci ilin aprel ayında UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmişdir. Əhəngdaşı yaylası olan Tur Abdin tarixin bir çox dövrlərinə şahidlik etmiş, 80-ə yaxın kənd və 70 monastırın yerləşdiyi unikal mədəniyyət məkanıdır. Bu gün də fəaliyyət göstərən kilsələr və monastırların bir çoxu, əsasən də son antik dövrdən qalanlar, qorunub saxlanılmışdır. Binalar memarlıq və tikinti texnikası baxımından orijinallığını və bütövlüyünü qoruyub saxlayır.
Erkən Bizans dövründən qalan Tur Abdin kilsələri və monastırları monastır memarlığının mühüm nümunələrini günümüzə qədər gətirib çıxarıb. UNESCO-nun Dünya İrs Siyahısına daxil olan Anıtlıdakı 3 monastır, Aramey dilinin Edessan ləhcəsi olan və Yunan dilindən Ərəb dilinə körpü dili sayılan qədim süryani dilində tətbiq edilən və əsrlər boyu davam edən ənənələrə şahidlik edir. Bu gün Süryani dilinin neo-aramey ləhcəsi olan və hələ də bu torpaqlarda mövcud olan “Turoyo” UNESCO Atlasında nəsli kəsilməkdə olan dil hesab olunur. 6-8-ci əsrlərə aid olan və bir çox ortaq xüsusiyyətlərə malik kilsələr bütövlükdə bölgənin xarakterinin anlaşılmasını təmin edir. Monastır və kilsələrin ətrafındakı üzüm bağları, zeytun və badam ağacları birlikdə unikal mənzərə yaradır. Əsrlər boyu bölgədə İslam hakimiyyəti dövründə bu monastır və kilsələr öz orijinal xüsusiyyətlərini qoruyub saxlamışdır.
Məryəm Ana Kilsəsində hər 15 gündən bir keçirilən ayinlər ilə yanaşı, Anıtlı, səhər və axşam ayinləri ilə cazibədar bir turistik məkandır. Milad və Pasxa bayramları həm kəndə yalnız dini ayinlər üçün gələn turistlər, həm də müxtəlif Midyat turlarına qatılan səyahətçilər üçün mühüm ərəfədir. İnanc turizmi ilə yanaşı, ziyarətçilər bölgədə mütəmadi olaraq, SineMardin (Beynəlxalq Film Festivalı), Midyat Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalı, Harire Üzüm Festivalı, Mardin Beynəlxalq Uşaq və Gənclər Festivalı, Mardin Biennali kimi mədəni, incəsənət, qastronomik tədbirlər və festivallarda iştirak edir və tədbirlərdən zövq alırlar.
Harda qalmalı: Müasir Oteldə, Daş Evdə yoxsa Kilsə Kompleksində?
Anıtlıya gələnlər ümumiyyətlə 15 sertifikatlı oteli və 1 qonaq evi olan Midyatda (kənddən 20 km məsafədə) və ya müxtəlif seçimlər təklif edən Mardində (70 km məsafədə) qalmağa üstünlük verirlər. Midyatdakı otellər köhnə mədəni daş memarlığı və müasir qərb üslublu qurğuları ilə seçilir. Bölgənin simvolik strukturlarından biri olan Midyat Qonaq Evi bir çox türk seriallarına da ev sahibliyi edib. Midyatın möhtəşəm mənzərəsinə sahib bu 3 mərtəbəli daş ev ziyarətçilərinə görməyə dəyər bir terras mənzərəsi təqdim edir.
Anıtlı kəndində orijinal təcrübə yaşamaq istəyirsinizsə, kompleks daxilində yerləşən Məryəm Ana Kilsəsi qonaq evində otaq rezerv etməyi məsləhət görürük. Siz bu binanın mistik və tarixi atmosferində mənəvi səyahət edə bilərsiniz. Dünyanın hər yerindən pravoslav xristianların sıx üz tutduğu Məryəm Ana Kilsəsi ilə Anıtlı, xüsusilə 15 Avqust Məryəmin doğum günündən əvvəl və sonra minlərlə ziyarətçi axınına məruz qalır. Əraziyə gələnlər üçün otellərdən yerli əhalinin evlərinə və hətta kilsənin mərkəzində yerləşən qonaq evinə qədər müxtəlif zövqlərə və büdcələrə uyğun bir çox qonaqlama variantları var.
Unikal ləzzətləri sınamağa və yerli təcrübələri yaşamağa hazırsınız?
Kəndlilərin evində onlarla birlikdə səhər yeməyi yeməyə, yerli şərabın, badam və süd məhsullarının dadına baxmağa, kənd gənclərinin hazırladıqları bilərzik və şal kimi ənənəvi suvenir alış-verişinə hazır olun. Qoyunları sağmaq və kəndlilərlə meyvə toplamaq sizi dünyanın daha sadə və xoşbəxt olduğu bir dövrə aparacaq. Anıtlı yüzlərlə illik toxum və texnika ilə istehsal edilən noxud unundan hazırlanan çörəyi, eləcə də bölgənin səmimi insanlarının istehsal etdiyi, evdə hazırlanmış Süryani şərabları ilə ləzzətli dadlar dadmaq istəyənlərə unikal fürsət təqdim edir.
Evdə hazırlanmış nar şərbəti, qara noxud yeməyi, gavalılı acı Alluciye bibəri, küftə dolması "ikbibet", Süryan xəmiri, turşu xiyar və badam konfetləri Anıtlının yerli kulinariya mədəniyyətini əks etdirən ən məşhur ləzzətlərdəndir. Bundan əlavə, bölgəyə xas olan yerli ağaclardan toplanan yeməli mavi boya ilə boyanmış badam şirniyyatları, yerli şəraitdə yetişdirilən badamlardan istifadə olunaraq istehsal olunduğuna görə, dad və rəng baxımından digər badam konfetlərindən seçilir.
Mehman Mehdiyev