"Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında Ulu Öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Fərmanı böyük tarixi əhəmiyyətə malikdir. Belə ki, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmış, bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir. Heydər Əliyev demişdi ki, Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir!".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. O bildirib ki, həmin prosesin davamı olaraq Ulu Öndərin 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” imzaladığı Fərman, 2002-ci il sentyabrın 30-da qəbul olunmuş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan dilinin tətbiqinin, qorunmasının və inkişaf etdirilməsinin qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır:
"Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin ana dilimizin qorunması üzrə siyasi xəttinə böyük sədaqət nümayiş etdirir. Prezident İlham Əliyev tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” Sərəncamları ilə ana dilinin həyatımızın bütün sahələrində geniş tətbiqi təmin olunub".
Millət vəkili bildirib ki, Azərbaycan Prezidentinin 2013-cü il 9 aprel tarixində imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” və 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin zənginliyinin qorunmasının, ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığının və ana dilimizə verilən yüksək qiymətin bariz göstəricisidir.
Ruhiyyə