Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti nə zamandan hesablanır? -ÖZƏL

Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti nə zamandan hesablanır?


"Mülki Məcəllənin 28-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni 18 yaşına çatdıqda tam həcmdə əmələ gəlir".

Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının üzvü vəkil Vəfa Qədirova deyib. O bildirib ki, 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların fəaliyyət qabiliyyəti yoxdur:

"7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. 16 yaşı tamam olmuş yetkinlik yaşına çatmayan əmək müqaviləsi üzrə işləyirsə və ya valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, tam fəaliyyət qabiliyyətli sayıla bilər".

Vəkil deyib ki, valideynlər, övladlığa götürənlər və himayəçi tam fəaliyyət qabiliyyətli sayılmış yetkinlik yaşına çatmayanın öhdəlikləri üçün, o cümlədən onun ziyan vurması nəticəsində əmələ gəlmiş öhdəliklər üçün məsuliyyət daşımırlar:

"18 yaşına çatanadək nikaha girməyə qanunun yol verdiyi halda, 18 yaşına çatmamış fiziki şəxs nikaha girdiyi vaxtdan tam həcmdə fəaliyyət qabiliyyəti əldə edir. Nikah bağlanması nəticəsində əldə edilmiş fəaliyyət qabiliyyəti nikahın 18 yaşına çatanadək pozulduğu halda da tam həcmdə saxlanılır.

Nikah etibarsız sayıldıqda məhkəmə yetkinlik yaşına çatmayan ərin (arvadın) tam fəaliyyət qabiliyyətini məhkəmə tərəfindən müəyyənləşdirilən andan itirməsi barədə qərar qəbul edə bilər.

Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır".

Vəfa Qədirova qeyd edib ki, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər:

"Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir".

İnqilab Süleymanov
Xəbəri paylaş