Yaxın günlərdə Qarabağın erməni sakinləri ilə Azərbaycanın hakimiyyət nümayəndələri arasında görüşün keçirilməsi nəzərdə tutulub. Azərbaycan ərazisində baş tutacaq görüş barədə gözləntilər müxtəlifdir . Bəs görəsən bu görüş nə vəd edir?
Məsələ ilə bağlı AMİP Siyası Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu Newscenter.az-a bunları deyib:
“Görüşün keçirilməsi barədə yayılan məlumatlarda deyilirdi ki hansısa xarici ölkələrin birində baş tutacaq. Ancaq sonradan aydın oldu ki, bu, ermənilərin istəkləri olub və rəsmi Bakı haqlı olaraq bundan imtina edib".
Əli Oruclu deyib ki, Qarabağ iqtisadi zonasında yaşayan erməni vətəndaşlarla rəsmi səviyyədə görüşmək, təmaslar qurmaq və əlaqələri genişləndirmək qaçılmazdı:
“Ancaq belə təmaslar və görüşlər separatçı tör-töküntüləri və ya özlərini hansısa qondarma dövlət yetkililəri elan edənlərlə deyil, Bakının müəyyənləşdirdiyi erməni icmasının təmsilçiləri ilə həyata keçirilməlidir. Mənim üçün Ruben Vardanyanla Araik Arutyunyanın heç bir fərqi yoxdur. Məlum olduğu kimi Arutyunyan da başda olmaqla oradakı bir sıra separatçılar Azərbaycana və onun xalqına qarşı törədilən cinayətlərin rəhbərləri və təşkilatçılarıdırlar. Onlar barəsində Respublika Prokurorluğunda cinayət işləri açılıb və İnterpol xətti ilə axtarışdadırlar. Ona görə də ilk növbədə Qarabağda yaşayan erməniləri kim təmsil edəcəksə, əvvəlcədən rəsmi Bakının razılığı olmalı, həmin nümayəndənin tərkibi və müzakirə olunan məsələləri də gündəliyə rəsmi Bakı salmalıdır. Əks halda onlar özlərini müstəqil tərəf kimi hiss edəcək və separatizmə göz yummuş olacağıq”.
Əli Oruclu daha sonra deyib:
“Çox da uzağa getməyək Rusiya ikinci çeçen müharibəsində özü təyin etdiyi Əhməd Kadırovla danışıqlar apardı. Bu gün onun varisi olan Ramzan Kadırov Putinin buyruğunda dimdik durub. Mötədil və az çox reinteqrasiyaya meyilli olan erməniləri danışıqlar prosesinə cəlb etmək daha məqsədə müvafiq olardı. İndiki halda mən hələ ki, ciddi irəliləyiş gözləmirəm. Çünki Rus faktoru ciddi faktor olaraq qalmaqdadır və ermənilər hələ də bərabər hüquqlardan, hüquq və təhlükəsizliyə beynəlxalq təminat və mexanizmlərdən dəm vururlar”.
Anar Əliyev