“Xatırlayırsınızsa Azərbaycan Prezidenti İlham Əliyev Şuşada Qlobal Media Forumundakı çıxışında Qarabağ erməniləri ilə dialoq məsələsinə toxunarkən Xankəndində belə bir görüşün keçirildiyini, lakin daha sonra dialoqu davam etdirmək üçün edilən təklifə ermənilərin yox dediklərini bildirmişdi. Prezident həmin çıxışda qeyd etmişdi ki, etdiyimiz ikinci təklif də onlar tərəfindən cavabsız qalıb və artıq üçüncü dəvət olmayacaq. Prezidentin “üçüncü dəvət olmayacaq” fikirləri təbii ki, mesaj idi və bu mesaj təkcə separatçı rejimin qalıqlarına deyil, həm ABŞ, Rusiya və Avropa İttifaqı vasitəsilə aparılan danışıqlarda Azərbaycan tərəfinin Qarabağ erməniləri ilə birbaşa dialoqa dəvət edən ölkələrə ünvanlanmışdı. Yəni, ölkə başçısı çox açıq şəkildə bəyan etdi ki, Azərbaycan tərəfinin təşəbbüsü ilə ilk görüş baş tutub və kimsə danışıqların davam etdirilməsini istəyirsə buyursun erməni tərəfə müraciət etsin”.
Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə Qarabağın erməni sakinləri ilə Azərbaycanın hakimiyyət nümayəndələrinin nəzərdə tutulan görüşünü şərh edərkən səsləndirib. Onun sözlərinə görə, əgər indi həqiqətən də Yevlaxda belə bir görüşün keçirilməsi nəzərdə tutulursa bu o deməkdir ki, həm Qarabağ erməniləri, həm də ayrı-ayrı vasitəçi ölkələr Prezident İlham Əlyevin mesajlarından nəticə çıxarıblar:
“Azərbaycan olaraq bizim mövqeyimiz məlumdur. Biz Qarabağ bölgəsində məskunlaşmış ermənilərə qeyd-şərtsiz Azərbaycan vətəndaşlığını qəbul etməyi, qanunsuz silahlı dəstələrin tərksilah edilməsi və ölkəmizin ərazisindən çıxarılmasını, təhlükəsizlik və müdafiə məsələlərinin Azərbaycan qanunvericiliyinə uyğun şəkildə həll edilməsini təklif edirik. Ermənilərə Azərbaycan Konstitusiyası ilə müəyyən edilmiş hüquq və azadlıqlarla bağlı təminat veriləcəyini də bəyan etmişik. Azərbaycan hökuməti iqtisadi rifahın təmin olunması, digər məsələlərin həlli üçün reinteqrasiya planı həyata keçirəcək”.
Anar Əliyev