"FETÖ terror təşkilatı təkcə Türkiyədə deyil, dünyanın təxminən 170 ölkəsində fəaliyyət göstərmiş bir terror təşkilatıdır".
Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən politoloq Yusif Bağırzadə deyib ki, 1970-ci illərdə Türkiyədə fəaliyyətə başlayan bu təşkilat zaman keçdikcə çox böyük gücə çevrilməyi başarıb:
"FETÖ tərəfindən qurulan məktəblər, liseylər, universitetlərin məzunları illər ərzində müxtəlif dövlət qurumlarına, hüquq-mühafizə və kəşfiyyat orqanlarına yerləşməyi başarmış və bununla da təşkilatın daha da şaxələnməsi və böyüməsi üçün geniş imkanlar açılmışdı. Ayrı-ayrı xarici ölkələrin xüsusi xidmət orqanlarını sifarişlərini yerinə yetirən bu təşkilat uzun illər ərzində gizli qalmağı bacarmış, 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd ilə özünün əsl simasını göstərmişdi".
Yusif Bağırzadə deyib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin yerləşdiyi coğrafiya FETÖ terror təşkilatının ən fəal olduğu yerlərdən olub:
"Türkiyədə çevriliş cəhdindən sonra Azərbaycan da Türkiyə ilə koordinasiyalı şəkildə FETÖ terror təşkilatına qarşı mübarizə aparmağa başladı. Başqa sözlə desək Azərbaycan Türkiyənin FETO ilə bağlı çağırışında ona tam dəstək verdi. Baxmayaraq ki, FETÖ terror təşkilatının arxasında ayrı-ayrı Avropa ölkələri və ABŞ-ın xüsusi xidmət orqanları dayanırdı və FETÖ ilə mübarizə həm də faktiki olaraq həmin ölkələrin müxtəlif dairələrinə qarşı mübarizə demək idi. Amma Azərbaycan buna baxmayaraq FETÖ-ya qarşı bütün imkanları ilə mübarizə apardı".
Yusif Bağırzadə qeyd edib ki, 2016-cı ildən etibarən Azərbaycanda FETÖ-ya məxsus olan universitet, 17 məktəb, yüzlərcə kurslarının bağlanması təmin edildi:
"FETÖ tərəfindən maliyyələşdirilən televiziya kanalı, saytlar, qəzetlərin fəaliyyəti dayandırıldı. FETÖ ilə birbaşa bağlı olan şəxslərin saxlanılaraq istintaqa cəlb edilməsi həyata keçirildi.
Amma nəzərə almaq lazımdır ki, söhbət uzun illər ərzində təşkilatlanmış, bütün sferalara soxulmağı bacarmış bir terror təşkilatından gedir. Odur ki, onlarla mübarizənin davamlı olması lazımdır. Başa düşmək lazımdır ki, FETÖ təkcə Türkiyənin problemi deyil. Başda Türk Dövlətləri Təşkilatına üzv ölkələr olmaqla, hər kəsin öz milli təhlükəsizliyi baxımından bu terror təşkilatı ilə mübarizə aparması şərtdir".
Politoloq diqqətə çatdırıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyb Ərdoğanın keçən həftə Polis Akademiyasının buraxılış mərasimindəki çıxışında dediyi kimi bu təşkilata qarşı mübarizədə cüzi zəiflik belə çox pis nəticələrə gətirib çıxara bilər, bir daha oxşar xəyanətlərə məruz qalmamaq üçün ayıq-sayıq olmalı, qabaqlayıcı tədbirlər görməliyik:
"Son bir neçə müddətdir ki, Türkiyədə FETO terror təşkilatının qalıqlarına qarşı əməliyyatlar geniş vüsət alıb. Türkiyənin daxili işlər naziri Əli Yerlikayanın verdiyi məlumata görə, son 2 ayda bu çərçivədə 905 əməliyyat keçirilib və 1 400-ə yaxın şəxs saxlanılıb. Onlardan 212-si həbs edilib, 261-i barəsində isə məhkəmə nəzarəti təyin edilib. Türkiyədə bu əməliyyatların yaxın günlərdə də davam edəcəyi bildirilir.
Azərbaycanda da yaxın günlərdə keçirilmiş əməliyyat nəticəsində FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərovun, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanovun, “Yurd” adlanan mərkəzin direktoru Ruslan Əliyevin və təşkilati işlərə cavabdeh olan Anar Əliyevin saxlanılması və daha sonra onların ifadələri əsasında Qubad İbadoğlunun həbsi onu deməyə əsas verir ki, Azərbaycan üçün də FETÖ təhlükəsi qalmaqda davam edir və bu məsələdə ayıq-sayıqlığı bir an belə itirmək olmaz.
Şübhəsiz ki, Azərbaycanın müvafiq dövlət qurumları FETÖ təhlükəsini aradan qaldırmaqda son dərəcə qətiyyətlidir. Bu kontekstdə hər cür terror təhdidinə qarşı Türkiyə və Azərbaycanın kəşfiyyat, təhlükəsizlik, polis qurumları arasında əməkdaşlıq və koordinasiyanın son dərəcə əhəmiyyətli olduğu da açıq şəkildə görünməkdədir".
Anar Əliyev