Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaltaqlıq insanlarda alkoqolizm, narkomaniya kimi zərərli bir vərdişə çevrilib

Yaltaqlıq insanlarda alkoqolizm, narkomaniya kimi zərərli bir vərdişə çevrilib


Yaltaqlıq bizim insanlarda alkoqolizm, narkomaniya kimi zərərli bir vərdişə çevrilib. Yaltaqlığın arxasında qorxu dayanır. Bu həyatda qorxudan pis heç nə yoxdur. Son vaxtlar sinəsinə döyən, özündən zəif insanların yanında "mən heç kəsdən qorxmuram" ifadəsini tez-tez dilinə gətirənlər arasında yaltaqlığın geniş vüsət alması bunu sanki bir yoluxucu xəstəlik adlandırmağıma əsas verir. İnsan bilə-bilə ki, yaltaqlandığı adam ona heç nə etməyəcək, amma yenə də məhz daxilində olan qorxuya görə yaltaqlanır. Mən hərdən müşahidə edib görürəm ki, bizdə hər şey yaltaqlığın üzərində qurulub.

Yaltaq insanları heç vaxt heç kim sevməyib. Qədimdə padşahların, kralların da yanında həmişə yaltaqlar olub. Amma padşahlar onlardan yalnız özlərinə xarizma yaratmaq üçün istifadə ediblər. Amma onları heç vaxt adam yerinə qoymayıblar. Ona görə də deyirəm ki, yaltaqlıq bir xəstəlik, ”infeksiya"dır. Bu “infeksiya” da atadan övlada, nəvəyə və s. keçir. Buna görə də çalışmaq lazımdır ki, yaltaqlıqdan uzaq olaq. Quranda yazılıb ki, heç kimi tərifləməyin, çünki Allahdan başqa heç kim tərifə layiq deyil. Əgər Quranda Allah-Təala bunu deyibsə, biz kimik ki, buna riayət etməyək?!

Bilin ki, yaltaqlıq edən səni ya aldadır, ya da aldatmaq istəyir. Axır bir gün üzdəki maskalar cırılacaq və o zaman çox gec olacaq! Deyir dünyada üç şey təhlükəlidir: uşaq əlində bıçaq, axmaq əlində hakimiyyət, yaltaq dilində tərif. Makedoniyalı İsgəndər bir nəfərə qarşı ittihamı dinlyərkən bir qulağını yumurmuş. Ondan bunun səbəbini soruşanda deyirdi: "Bu qulağımı müttəhim üçün saxlayıram"... Bəli, bir qulağınızı da doğru danışanlar, sizə yarınmayanlar, sizi yersiz tərif yağışına tutmayanlar üçün saxlayın. Bəlkə söylədikləri sizi uçurumun kənarından qaytaracaq!..

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş