Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, son illərdə pis vərdişlər, alkoqollu içkilər, tütün məmulatları, siqaretə aludəçilik halları kəskin dərəcədə artıb. Artıq tütün və tütün məmulatları, siqaret məktəblərə də sirayət edib və orta məktəb şagirdlərinin müəyyən bir qismi siqaret çəkir. Ən acınacaqlı vəziyyət ondan ibarətdir ki, siqaret çəkən qadınların sayında da artım müşahidə edilir.
Newscenter.az-ın xəbərinə görə, iqtisadçı Eldəniz Əmirov deyib ki, Azərbaycanda siqaret çəkən qızların sayı dayanmadan kəskin artır və artmaqdadır:
"Ən pisi də odur ki, tərgitmək bacarığına görə qadınlar kişilərdən çox geridə qalırlar. Yəni qadın orqanizminin siqaretdən imtina etməsi daha çətindir".
Eldəniz Əmirov deyib ki, statistikaya görə Azərbaycanda hər 66 qadından biri sıqaret çəkir:
"Amma düşünürəm ki, real rəqəm daha böyükdür. Çünki qadınlar bu tip məlumatın gizlədilməsinə önəm verirlər. Yəni, real siqaret çəkən qadınların statistikada olandan daha çoxdur. Bunu tibbi statistika başqa yolla isbatlayır. Süd vəzi xərçəngindən və ağciyər xərçəngindən əziyyət çəkən qadınların sayı çox artıb. Çünki siqaretin tərkibində olan kanserogen törəmələr birmənalı olaraq xərçənği stimullaşdırır. 10 il ərzində siqaret çəkən qadınların tibbi müayinələrinin nəticələrinə əsasən, onların siqaret çəkməyən qadınlara nisbətən 25 dəfə artıq ağciyər xərçəngi xəstəliyinə tutulması aşkarlanıb".
Anar Əliyev