Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İnnovasiya üzrə Universitetlər arası Mübadilə Proqram həyata keçirilir

İnnovasiya üzrə Universitetlər arası Mübadilə Proqram həyata keçirilir


Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı Azərbaycan, Özbəkistan, Qazaxıstan və Gürcüstandan olan 24 tələbə üçün İnnovasiya üzrə Universitetlər arası Mübadilə Proqramı (UIEP) həyata keçirir.

Newscenter.az xəbər verir ki, Azərbaycanın Dövlət İqtisadiyyat Universiteti (UNEC), Özbəkistanın iWestminster Beynəlxalq Universiteti, Qazaxıstanın Almatı Menecment Universiteti, və Gürcüstanın Amerika Universitetindən olan 24 tələbə müxtəlif startap ideyalarını təqdim edib, habelə öz təcrübələrini bölüşüblər.

İyulun 17-də Almatı şəhərindən start götürən proqram çərçivəsində gənc təşəbbüskarlar Azərbaycanda da olublar. 3 günlük səfər müddətində onlar ABB İnnovasiya Mərkəzi, SABAH.HUB İnnovasiya Mərkəzi və digər aparıcı inkubasiya mərkəzlərinə baş çəkib, oradakı təcrübələrlə tanış olublar.

Proqramın Bakıdakı yekun tədbiri “ASAN” xidmətin tərkibində fəaliyyət göstərən İnnovasiyalar Mərkəzində (İNNOLAND) keçirilib. Tədbirdə iştirak edən Asiya İnkişaf Bankının ölkədəki nümayəndəliyində Layihə İdarəetmə qrupunun rəhbəri Raza Farrukh regional əməkdaşlığa verdikləri töhfə üçün hər bir tələbəyə təşəkkür edib və ideyalarını uğurla reallaşdırmağı arzulayıb.

Azərbaycanlı tələbələrdən ibarət 3 komanda “4you” - mental sağlamlığa dair onlayn xidmətlər, “Feedhub” - müştəri rəylərinin monitorinqi və cavablandırılmasına dair xidmət, eləcə də “iSU” - müxtəlif su təchizatçılarını vahid platformada cəmləşdirən startap ideyalarını təqdim ediblər.

4 regional ölkədən 12 komandanın iştirak etdiyi mübadilə proqramına iyulun 29-da Tbilisidə yekun vurulacaq.
Mübadilə proqramının əsas məqsədi region ölkələrindən olan innovativ gənclər arasında bilik, bacarıq və təcrübələrin uğurlu mübadiləsini təmin etməklə regionda startap ekosisteminin inkişafına dəstək olmaqdır.
CAREC-in reallaşdırdığı proqramın tərəfdaşları Asiya İnkişaf Bankı və Koreya Respublikasının E-Asiya və Bilik Tərəfdaşlığı Fondudur.

R.Mehdiyeva
Xəbəri paylaş