Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sosial şəbəkə psixologiyası nəyi və necə diktə edir? -ÖZƏL

Sosial şəbəkə psixologiyası nəyi və necə diktə edir?


"Son zamanlar qəribə tendensiya müşahidə edilir: sosial şəbəkədə kütlə psixologiyası ilə şüursuz davranışlar, yaxud linç kampaniyası geniş vüsət alıb. Elə bil, hamı hansısa bir səhv axtarır ki, onun üzərindən kampaniya başlatsın".

Newscenter.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli səsləndirib. O bildirib ki, sanki, hər kəs linç kampaniyasına hazırdır, təki bircə fakt ortaya atılsın - hamı aqressiv notların qulaqbatırıcı sədaları altında “rəqsə qoşulsun”.

"Araşdırmadan, məsələnin mahiyyətini bilmədən insanlar “hücum” əmrinə tabe olacaq, tənqid təhqiri, təhqir şantajı əvəz edəcək, etik davranış sərhədləri qanunsuz olaraq keçiləcək - bütün sədlər darmadağın ediləcək. Özü də, fərqi yoxdur, hansı peşənin sahibidir, cəmiyyətin hansı təbəqəsinin nümayəndəsidir. Feysbukda “onlayn vətəndaşlığa” malik olmaq kütlə psixologiyasına tabe olaraq linç kampaniyasına qoşulmaq üçün yetərlidir. Bir-birinə sual versələr ki, “biz nə istəyirik?”, cavab, şübhəsiz ki, “heç nə, sadəcə olaraq, virtual qonşudan qalma dala psixologiyası ilə hərəkət edirik, sürüyə qoşulmuşuq” olar".

Nurlan Qələndərli deyib ki, “Böyük dayaq” filmində maraqlı bir epizod var:

"Deməli, Naznaz Qaraşın qabağını kəsib təhdid edir - deyir ki, barəmizdə dedi-qodu baş alıb gedir. Qaraş cavab verir: “Sən yaxşı bilirsən ki, bu dedi-qoduların heç bir əsası yoxdur”. Naznazın cavabı isə “əsası oldu-olmadı, camaatın ağzını yummaq üçün sən mənimlə evlənməlisən”, olur. Bu gün sosial şəbəkə psixologiyası eynilə Naznaz kimi diktə edir.

Belə olan halda, çox zaman aidiyyəti şəxs və qurumların davranışlarında da adekvat hal müşahidə olunmur - dərhal və tələm-tələsik cavab verilir. Yetər ki, virtual ajiotaj yaratmağa çalışanların qarşısı dərhal alınsın, Naznazın təbiri ilə desək, “ağzı yumulsun”.

Kütlə psixologiyası əsasında aparılan virtual linç kampaniyasına təslim olmaq, fəaliyyəti onun əsasında formalaşdırmaq yolverilməzdir. Bu, ictimai immuniteti zəiflətməklə yanaşı, mənfi ənənənin formalaşmasına zəmin yaradar".

Anar Əliyev
Xəbəri paylaş