Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Respublikamızın hər bir bölgəsinin inkiişafı Cənab Prezident üçün prioritetdir -ÖZƏL

Respublikamızın hər bir bölgəsinin inkiişafı Cənab Prezident üçün prioritetdir


“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev respublikamızın hər bir bölgəsinə, hər bir şəhər və rayonun inkişafına xüsusi diqqətlə yanaşır, bu istiqamətdə əməli addımlar atır. Bu günlərdə dövlət başçısının respublikamızın Qərb bölgəsinə səfəri fonunda bunu aydın görmək mümkündür”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib. Millət vəkili qeyd edib ki, Cənab prezidentin səfər çərçivəsində açılışını etdiyi yeni infrastruktur obyektləri, təməlini qoyduğu yeni-yeni müəssisələr ümumən Qərb bölgəsinin inkişafına öz müsbət təsirini göstərəcək və regionun sosial-iqtisadi inkişafında yeni bir mərhələ başlayacaq:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax şəhərinə səfəri çərçivəsində rayondakı su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi, “Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi (130,15 km) hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi" çərçivəsində yenidən qurulan, ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli hissəsinin istifadəyə verilməsi, “Venzana” mebel fabrikinin, Samuxda Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində inşa olunan Sərkar kənd uşaq musiqi məktəbinin, Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yeni binasının, Bərdədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışı, eləcə də digər mühüm infrastruktur obyektlərinin istifadəyə verilməsi həm sözügedən şəhər və rayonların simasını dəyişəcək, həm də yerli əhalinin işsizlik probleminin aradan qaldırılması, nəticə etibarilə onların sosial rifah halının yaxşılaşdırılmasına öz müsbət təsirini göstərəcək”.

Millət vəkilinin sözlərinə görə, dövlət başçısının işğaldan azad edilmiş şəhər və rayonlarımızda həyata keçirilən quruculuq-abadlıq işlərini diqqət mərkəzində saxlaması, həmin proseslərə birbaşa nəzarət etməsi ilə paralel olaraq respublikanın digər bölgələrinin sosial-iqtisadi inkişafı məqsədilə addımlar atması, büdcədən zaman-zaman müxtəlif layihələr məqsədilə vəsaitlər ayırması onu deməyə əsas verir ki, Cənab Prezident üçün ümumilikdə Azərbaycanın inkişafı, qüdrətli dövlətə çevrilməsi prioritetdir:

"Bundan irəli gələrək də prezident İlham Əliyev zaman-zaman qeyd edilən istiqamətlərdə zəruri addımlar atır, regionların, ümumən ölkənin sosial-iqtisadi inkişafına təkan verə biləcək fərman və sərəncamlar imzalayır, dövlət proqramları təsdiqləyir".

Anar Əliyev
Xəbəri paylaş