“Azərbaycan-Özbəkistan münasibətlərinin bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verəcəyi şübhəsizdir”.
Bu sözləri Newscenter.az-a politoloq Yusif Bağırzadə Özbəkistan prezidenti Şafkat Mirziyoyevin Azərbaycan planlaşdırılan səfəri ilə əlaqədar danışarkən deyib. O bildirib ki, son illər ərzində Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistanla əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan-Özbəkistan münasibətləri bu gün iki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etməkdədir:
"İki ölkə arasında münasibətlər qədim tarixə malikdir. Azərbaycan və özbək xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və təbii ki, din birləşdirir. Keçən əsrdə 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistana sığınıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər".
Politoloq qeyd edib ki, hazırda iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur:
"Ulu öndər Heydər Əliyev hər zaman özbək xalqına böyük sevgi ilə yanaşıb. 1970-ci ildə o vaxt Azərbaycana rəhbərlik edən Heydər Əliyevlə Özbəkistanın rəhbəri Şərəf Rəşidov arasında yaranmış dostluq münasibətləri iki ölkə arasındakı əlaqələrin bugünkü inkişafının əsası olub. Ümummilli lider Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən 1996-cı ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə”, eləcə də Ümummilli Liderin 1997-ci ilin iyununda Özbəkistana səfəri qarşılıqlı anlaşma, etimad və hörmətə əsaslanan gələcək münasibətlərimizin konturlarını müəyyən edib.
Müstəqillik əldə etdikdən sonra bu münasibətlər daha da inkişaf edib. Ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb".
Yusif Bağırzadə deyib ki, 2004-cü il martın 23-24-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb:
"Strateji münasibətlərin əsasını qoyan həmin sənəddə ölkələr keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdiklərini bildiriblər. Təsadüfi deyil ki, Özbəkistan BMT Baş Assambleyasında 2008-ci il martın 14-də səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub. Ümumiyyətlə isə vurğulamaq lazımdır ki, rəsmi Daşkənd keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Belə ki, 2021-ci il martın 31-də Türk Dövlətləri Birliyinin videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın işğaldan azad olunması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş eyni qurumun VIII Zirvə Görüşündə isə Özbəkistanın dövlət başçısı ölkəsinin vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini açıqlayıb. Yeri gəlmişkən, artıq bu istiqamətdə işlər yekunlaşmaq üzrədir".
İqtisadi sahədə də əlaqələrin inkişaf etdiyini deyən Yusif Bağırzadə "Keçən ildən etibarən Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyaların iclasları keçirilir və müxtəlif sahələrdə, ticarət-iqtisadi, kənd təsərrüfatı, energetika, səhiyyə, nəqliyyat-logistika, ətraf mühitin mühafizəsi, dövlət xidmətlərinin göstərilməsi, mədəni-humanitar, sosial və turizm sahələrində əməkdaşlığın gücləndirilməsi ilə bağlı xeyli işlər görülüb"-deyə, bildirib.
Politoloq deyib ki, loqistika sahəsində də əməkdaşlıq imkanları hər keçən gün daha çox əhəmiyyət kəsb edir:
"Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Dövlətimizin başçısının Özbəkistana son səfəri zamanı imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” Azərbaycan vasitəsilə Özbəkistan məhsullarının daşımalarının həcminin daha da artmasına təkan verəcək.
Ölkələrimiz arasında tarixən sıx mədəni əlaqələr mövcud olub və bu əlaqələr də artan tempdə inkişaf edir. Təsadüfi deyil ki, 2022-ci ilin avqust 30-da mədəni əlaqələrin inkişafında xidmətlərinə görə məşhur Azərbaycan əsilli özbək müğənnisi Nəsibə Abdullayeva Azərbaycanın “Xalq artisti” fəxri adı, eləcə də Haşimjon İsmayılov, Əli Heydər Nəsirli və Kamoliddin Urinbayevə “Dostluq” ordeni verilib. Habelə Özbəkistan Prezidentinin müvafiq Sərəncamı ilə Gülyanaq Məmmədova Özbəkistanın “Xalq artisti” fəxri adı, Şahin Mustafayev, Ramiz Əskərov və Almas Binnətova isə “Dostlik” ordeni təltif ediliblər. Özbəkistanın Daşkənd, Buxara, Nəvai və Səmərqənd şəhərlərində “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”nin keçirilməsi də iki ölkə arasında mədəni əlaqələrin artan templə inkişaf etdiyinin bariz göstəricisisdr.
Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Azərbaycan-Özbəkistan münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək, bu əməkdaşlıq həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verəcək”.
Anar Əliyev