"Azərbaycan müstəqillik qazandıqdan sonra vətəndaş cəmiyyəti ilə paralel hüquqi dövlətin formalaşması prosesi də sürətləndi. Həmin dövrdən etibarən dövlətin müstəqilliyinə, demokratiyanın inkişafına, siyasi plüralizmə, siyasətdə və iqtisadiyyatda sərbəstliyə, insan azadlığının qorunmasına xüsusi önəm verildi".
Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən hüquqşünas Əli İbrahimovun sözlərinə görə, Azərbaycanda hüquqi dövlətin əsas təməl prinsipləri müəyyən edildi və siyasi, iqtisadi, mənəvi əsasları gerçəkləşdi:
"Qanunların aliliyi, vətəndaşların hüquq və azadlıqlarının reallığı dövlətin və şəxsin qarşılıqlı cavabdehliyi, qanunların yerinə yetirilməsinə səmərəli nəzarətin mövcudluğu prinsipləri həyata keçdi. Bu mənada Azərbaycanda hüquqi dövlət quruculuğunu təxmini olaraq, üç mərhələyə bölmək olar. Birinci dövr dövlət müstəqilliyini əldə etdikdən sonra yeni Konstitusiyanın qəbuluna qədərki zamanı əhatə edir. Bu dövrdə bir sıra yeni siyasi-hüquqi dəyərlər, prinsiplər, institutlar və mexanizmlər dövlət-hüquq sisteminə daxil oldu. Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, azad mətbuatın hüquqi əsasları yaradıldı və fəaliyyətə başladı".
Əli İbrahimov deyib ki, ikinci mərhələ, yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanın Avropa Şurasına daxil olmasına qədərki dövrdür:
"Bu dövrdə konstitusiya nəzarəti orqanı, azad mətbuatın qanunvericilik bazası formalaşdırıldı. Azərbaycan insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq konvensiyalara qoşuldu. Milli qanunvericilik təkmilləşdirildi, yerli özünüidarənin hüquqi əsasları yaradıldı və ilk bələdiyyə seçkiləri keçirildi. Üçüncü dövr isə Azərbaycanın Avropa Şurasına daxil olmasından başlanır və indiyə kimi davam edir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində də birbaşa insan amili durur. Həyata keçirilən dövlət siyasəti vətəndaşın sosial rifahının, təhlükəsiz yaşayışının təmin edilməsinə xidmət edir. Cənab Prezidentin də dediyi kimi, "vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin davam etməsi, hüquqi dövlətin qurulması sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, bu, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir”.
Anar Əliyev