Rusiya prezidenti Vladimir Putinin “dost olmayan ölkələr”lə vergi müqavilələrini qismən ləğv etməsi barədə qərarı şok effekt yaradıb. Sözügedən qərar təkcə xaricdə deyil, eləcə də Rusiyanın özündə ciddi etiraza səbəb olub. İqtisadçılar hesab edirlər ki, Kreml rəhbəri bu qərarı ilə ölkənin iqtisadi durumunu daha da ağırlaşdırmış olur.
Newscenter.az-ın xəbərinə görə, iqtisadçı Eldəniz Əmirov isə hesab edir ki, Rusiya siyasi rəhbərliyinin iqtisadi qərarları "reallıq hissi" akvatoriyasından kənara çıxmaqda davam edir. Onun sözlərinə görə, iqtisadi sanksiyalar SPİD virusu kimidir, öldürmür, amma iqtisadiyyatın immun sistemi sıradan çıxarır və bir gün ən adi problemlər belə orqanizmi çökdürür:
"İndi sanksiyalar Rusiya iqtisadiyyatını sıradan çıxırır. Əvvəl monupulyativ manevrlər hesabına rublun "ölməsini" bir qədər əngəllədə bilsələr də, artıq rubl təzyiqlərə tab gətirə bilmir və bilməyəcək. Bir tərəfdən də azalan neft-qaz gəlirləri. Ötən il bəyan edirdilər ki, sanksiyalara baxmayaraq bizim neft-qaz gəlirimiz artıb. Amma bu gün bildirilir ki, Rusiyanın neft və qaz gəlirləri bu ilin ilk 7 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 41,4 faiz azalıb".
Eldəniz Əmirov deyib ki, belə bir şəraitdə Putin yenə emosional qərar qəbul edərək, Rusiya ilə “dost olmayan ölkələr”lə vergi müqavilələrini qismən ləğv etdi:
"Əvvəla ümumiyyətlə "dost olmayan ölkə" ifadəsi doğru ifadə deyil. Münasibətlərin diversifikasiyasında bu ifadənin nə iqtisadi, nə də siyasi mahiyyəti doğru deyil. O ki qaldı, vergi müqavilələrinin ləğvinə, bu münasibətlərin daha da sıradan çıxarılmasına xidmət etməklə yanaşı iqtisadi zərər formasında da ən böyük mənfi təsirini Rusiyaya göstərəcək. Hazırda Putinin “dost olmayan ölkələr” siyahısında dünyanın iqtisadi cəhətdən ən yaxşı ölkələri olan 43 ölkəsi var. Əksəriyyəti də "iqtisadi əjdaha"dır. Bunlarla vergi müqavilələrini qismən ləğv etmək nə deməkdir?!
Doğurdanmı Rusiya bu ölkələrin hər birinə dəyəcək 1 dollar zərər qarşılığında özünə dəyəcək ən azı 43 dollarlıq zərəri görmür?"
Anar Əliyev