"Hazırda Ermənistan yenidən Cənubi Qafqazda irqçilik, faşizm, islamofobiya, türkofobiya yuvasına çevrilir. Bu isə region xalqlarına fəlakətdən başqa heçnə vəd etmir. Dünya birliyi Ermənistanda baş qaldıran bu antibəşəri təşəbbüslərə, çağırışlara laqeyd qalmamalıdır. Erməni cəmiyyətini millətçilik və ksenofobiya xəstəliyindən sağaltmaq təkcə Azərbaycanın yox, bütün mütərəqqi qüvvələrin ümumi vəzifəsidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsindəki məğlubiyyətin əvəzini çıxmaq üçün hər gün qisasçılığa çağırış edən “Daşnaksütyun”, “Sasna Tsrer” kimi radikal siyasi qüvvələrin sıralarına indi də özünü “Səlibçilər” adlandıran ultra-təxribatçı, yarımhərbi bir qrup qoşulub:
"Bu qrupa daxil olan revanşist ermənilər son günlər İrəvanın mərkəzində “Laçın yolunu güc yolu ilə açmaq üçün silah verin” tələbi ilə aksiya keçiriblər. Bununla kifayətlənməyən radikal “Səlibçilər”in üzvləri Laçın rayonu istiqamətində sərhəddə gələrək təxribat törətmək barədə açıqlamalarla çıxış ediblər".
Onun sözlərinə görə, bütün bunlar Ermənistan ictimaiyyətinin sülhə hazır olmadığını göstərir:
"Çox təəssüf ki, Paşinyan iqtidarı 44 günlük müharibənin başa çatmasından sonra üç ilə yaxın müddət ərzində erməni xalqını sülhə hazırlamağı bacarmadı. Və bu gün Ermənistanda “Səlibçilər” adı altında radikal dini-siyasi hərəkatın meydana çıxması onu göstərir ki, bu ölkədə ictimai-siyasi proseslər artıq get-gedə hakimiyyətin nəzarətindən çıxmaqdadır".
Əlisahib Hüseynov sonda bunları qeyd edib:
"Bir xalqın sülhpərvər olmaması müharibədə məğlub olmuş dövlətin təslim aktını və ya sülh müqaviləsini imzalamasını həqiqətən də çox çətinləşdirir. Bu mənada, erməni xalqının və erməni diasporasının mühüm bir hissəsinin revanşizmə meyllənməsi Paşinyan hökumətinin sülh səylərini istər-istəməz əngəlləyir".
Anar Əliyev