Nisbətən sərinləşən Ankara-Moskva münasibətləri fonunda baş tutacaq Ərdoğan-Putin görüşü barədə heç də nikbin proqnozlar verilmir. Çoxları hesab edir ki, sözügedən görüş o qədər də uğurlu olmayacaq. Politoloq Vüqar Dadaşov isə hesab edir ki, nə qədər iki ölkə arasında sərinlik yaransa da, ancaq ümumilikdə Ankara ilə Moskvanı dərin tarixi köklər və əlaqələr birləşdirir.
Newscenter.az-ın xəbərinə görə, Vüqar Dadaşov deyib ki, Rusiya və Türkiyə tarixin ən vacib və çətin vəziyyətində bir-birlərinə həmişə yardım edib, milli maraqlarını qoruyub və faktiki müttəfiqlik səviyyəsində davranıblar:
"Dövrümüzdə elə Rusiyanın Ukraynaya təcavüzü nəticəsində, bütün sivil dünyanın Rusiyaya qarşı olduğu halda Türkiyə Rusiyanın ayaq üstündə durmağı üçün əlindən gələni edir. Bəziləri bunu Türkiyə prezidenti Ərdoğanın 2016-cı il 15 iyulda Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı Rusiya prezidenti Putinə "vəfa borcu" kimi dəyərləndirir. Əlbəttə ki, bu fakt da ağır çəkiyə malikdir. Ancaq düşünürəm ki, Rusiya və Türkiyə arasında əsrlərə söykənən gizli razılaşma mövcuddur və həmin razılaşmadan irəli gələn tələblər hər iki tərəfdən bu günə kimi də icra edilir".
Anar Əliyev