“Ermənistanın Xankəndidə yaşayan ermənilər üzərindən yürütdüyü çirkin siyasəti, blokada və humanitar yardım şoularının davamı olaraq BMT Təhlükəsizlik Şurasına müraciət etməsi əslində indiyə qədər Vaşinqton və Brüssel platformalarında sülh danışıqları proseslərində əldə olunan nəticələri sıfırlamaq və danışıqlar prosesinə təsir etmək, onu uzatmağa çalışmaq və sairə konkret olaraq yekun sülh müqaviləsindən qaçmağa hesablanmış addımdır”.
Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasına müraciət əslində Ermənistanın növbəti təxribatıdır və Laçın keçid məntəqəsi ilə bağlı son vaxtlarda baş verən təxribatların növbəti etapı da demək olar:
“Bu etapda, ermənilərin artıq beynəlxalq müstəvidə Azərbaycana qarşı beynəlxalq hüquqa əsaslanaraq iddialar və təsir mexanizmlərini tətbiq olunması gözləntiləri var. Əslində BMT Təhlükəsizlik Şurasının 5-daimi üzvü bu müraciəti müzakirəyə çıxarsa belə, Ermənistan tərəfindən qaldırılan bu iddiaların heç bir əsasının olmadığı müəyyən ediləcək və sözsüz ki Azərbaycanın və ədalətin yanında duran kifayət qədər ölkələr bu yalan və uydurma iddealara rədd cavabı verəcəkdir. Əgər Azərbaycana qarşı hər hansı bir qətnamə qəbul olunarsa, bizim əlimizdə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi mövcuddur və bu qətnamələr Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın tərkibində olaraq təsdiq edib”. Ekspert deyib ki, qətnaməyə 30 ildir məhəl qoymayan Ermənistan hərbi bölmələrini hələ də Qarabağdan çıxartmayıb və üstəlik ölkəmizdə separatçı rejim quraraq onları Azərbaycana qarşı hərbi əməliyyatlara hazırlayır:
“Azərbaycan dövləti hər zaman bu qətnamələrə istinad edə bilər və onun yerinə yetirilməsi üçün BMT Təhlükəsizlik Şurasında iddia qaldıra bilər. Ermənistanın saxta arqumentlər əsasında növbəti təxribatı, inanmıram ki Azərbaycana hər hansı bir sanksiya üzərində nəticələnsin”.
Anar Əliyev