“Erməni yalanının ifşa olunması üçün bütün imkanları səfərbər etmək lazımdır”. Newscenter.az xəbər verir ki, bu sözləri politoloq Yusif Bağırzadə Luis Moreno Okamponun "Ekspert rəyi: 2023-cü ildə ermənilərə qarşı soyqırım" adlı hesabatı haqqında danışarkən deyib. O bildirib ki, ermənilər mütəmadi olaraq özlərinə müttəfiq və müdafiəçi qismində məhz nüfuzu ləkələnmiş insanları seçirlər:
“Çünki belə insanlarla dil tapmaq onlar üçün daha asandır. Belə ki, Moreno kimiləri pul müqabilində nəyə desən, hansı saxtakarlığa desən getməyə hazırdırlar. Moreno haqqında qısa olaraq deyim ki, o, 1952-ci ildə Argentinanın Buenos-Ayres şəhərində anadan olub. İxtisasca hüquqşünas olan Moreno 2003-cü ildən 2012-ci ilin 5 iyun tarixinə qədər Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru postunu tutub. Ermənistanı dəstəkləyən bir dövlət olan Argentina təmsilçisinin haqırladığı saxta hüsabat əslində onun öz dövlətinin siyasətinə sadiq qaldığının göstəricisi də sayıla bilər.
Amma söhbət təkcə hansısa ölkə təmsilçisi olmaqdan getmir. Okamponun keçmişində çoxlu sayda qaranlıq səhifələr var. Hələ 2017-ci ildə Almaniyanın nüfuzlu “Spiegel” nəşri Okamponun fəaliyyəti ilə bağlı yayımladığı məqalədə onun prokuror işlədiyi dövrdə vergi cənnətləri sayılan Panama və Britaniya Virciniya adalarında müxtəlif şirkətlərə rəhbərlik etdiyini və bunu bəyan etmədiyini faktlarla ortaya qoymuşdu. Okamponun məxfi sənədləri və məlumatları məşhurlarla, milyarderlərlə paylaşdığı da sübut olunmuşdu. Daha sonra Fransanın Mediapart araşdırma saytı da Okampo haqqında araşdırma apararaq sənədlərlə sübut etmişdi ki, Panamadakı “Tain Bay” korporasiyasının arxasında da Okampo və həyat yoldaşı dayanır. “Tain Bay” Okamponun yeganə ofşor şirkəti deyil. Sənədlər sübut edir ki, keçmiş prokuror həm də Britaniya Virciniya adalarında da bir şirkətin sahibidir. Belizdəki “Lucia Enterprises” şirkəti, eləcə də Uruqvayda qeydiyyatdan keçmiş “Transparent Markets” şirkəti də onlara məxsusdur. Sənədlərə görə, Okampo ofşor şirkətlərinin gizli qalmasına böyük əhəmiyyət verir. Çünki belə olduqda bank hesablarına axan pulların mənbəyini gizli saxlamaq olur”.
Politoloq deyib ki, onun bu hesabatı hazırlamaq üçün ayrı-ayrı erməni diaspor təşkilatlarından külli miqdarda maliyyə aldığı şübhəsizdir.
“Qarabağın “blokadası” BMT-nin Soyqırım Konvensiyasının 2-ci maddəsinə əsasən soyqırım hesab edilməlidir” deyən, ABŞ, Rusiya və Aİ-ni sülh danışıqlarında Azərbaycana təzyiq göstərməyə və məsələni Beynəlxalq Cinayət Məhkəməsinə vermək üçün Təhlükəsizlik Şurasına çıxarmağa çağıran bu adam əslində bununla beynəlxaql hüquqa hörmətsizlik nümayiş etdirir. Moreni bilməmiş deyil ki, beynəlxalq hüquqa görə, Qarabağ iqtisadi rayonu Azərbaycanın ərazisi sayılır və buradakı separatçı rejim qeyri-qanuni fəaliyyət göstərir. Amma bank hesabına axan pullara qarşılıq götürdüyü öhdəliklər onu bu cür cəfəng hesabatlarla çıxış etməyə məcbur edir”.
Yusif Bağırzadə deyib ki, Morenonun hesabatı saxta faktlara əsaslanan yeganə sənəd deyil:
“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını istəməyən və iki ölkə arasındakı gərginlikdən faydalanaraq regionda öz maraqlarını təmin etmək istəyən ölkələrin sayı kifayət qədərdir. Və bu dövlətlərin hər biri “tır” şousundan istifadə edərək özlərini ambisiyalarını həyata keçirməyə çalışırlar. Başqa sözlə desək Azərbaycanın müstəqil xarici siyasət kursu ilə barışmaq istəməyən, bizdən istədiyini ala bilməyən bütün qüvvələr ermənilərin “tır” şousundan istifadə etməklə ölkəmizi nələrəsə məcbur etməyə cəhd göstərirlər.
Avropa İttifaqı ölkələrinin Ermənistandakı səfirlərinin bu şouda iştirakı, aryı-ayrı beynəlxaq təşkilat və dövlətlərin əsassız bəyanatları, beynəlxalq hüquq üzrə dələduz kimi tanınan Luis Moreno Okamponun "Ekspert rəyi: 2023-cü ildə ermənilərə qarşı soyqırımı" adlı saxta və sifarişli hesabatı, eləcə də məsələnin BMT təhlükəsizlik Şurasının müzakirə çıxarılması ilə bağlı səslənən fikirlər və beynəlxaq ictimai rəyi çaşdırmaq üçün dünyanın aparıcı media qurumlarında tirajlanan sifarişli yazılar onu deməyə əsas verir ki, ölkəmizə qarşı böyük bir qaralama kampaniyasına start verilib. Odur ki, hər kəsin bu məsələdə ayıq-sayıq olması və əl-ələ verərək erməni yalanının ifşa olunmsı üçün bütün imkanlarını səfərbər etməsi lazımdır”.
Anar Əliyev