Azərbaycana qarşı Qərbdən təzyiqlərin yenidən gücləndiyi bir vaxtda Ermənistanın müraciəti əsasında BMT Təhlükəsizlik Şurasında "Qarabağ ermənilərinin durumu" müzakirəyə çıxarılacaq.
Newscenter.az xəbər verir ki, məsələ ilə bağlı politoloq Elxan Şükürlü fikirlərini bölüşüb. Onun sözlərinə görə, Ermənistanın əsas məqsədi odur ki, BMT TŞ Azərbaycanın Qarabağ ermənilərini blokadada saxladığı, humanitar böhran yaratdığı haqda sənəd qəbul etsin:
"Çünki belə bir sənədin qəbulu Ermənistan hakimiyyətinə və onun Qərbdəki himayədarlarına vaxtilə Kosovoda tətbiq edilən modeli bu dəfə Qarabağ danışıqlarına daşımaq fürsəti verir.
Neçə vaxtdır, Ermənistanın Azərbaycanla sülh danışıqlarında xüsusi qabartdığı “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliklərinə beynəlxalq zəmanət” tezisinin kökündə də, əslində, “Kosovo presedenti”nə istinad və süni şəkildə belə bir durumun yaradılması ssenariləri dayanır".
Politoloq hesab edir ki, əsas missiyası dünyada sülhü və təhlükəsizliyi qorumaq olan BMT-nin artıq öz funksiyanı yerinə yetirə bilmədiyinə və tamamilə nüfuzdan düşməsinə baxmayaraq, bu qurumun beynəlxalq güclərin əlində bir alətə çevrildiyi və dünyaya ən böyük təhlükənin də elə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün olduğu faktını heç vaxt unutmamalıyıq:
"Sabah Nyu-Yorkda keçiriləcək müzakirələrdə bizim üçün ən önəmli nəticələrdən biri, şübhəsiz ki, bu güclərin mövqeyini yenidən test etmək, Qarabağdakı erməni separatizmini hansı dövlətlərin açıq şəkildə dəstəklədiyini, Azərbaycanın maraqlarını isə hansı ölkələrin qoruduğunu görmək və gələcək münasibətlərin məsafəsini də ona uyğun qurmaq olacaq.
Problemin köklü həllində son və qəti sözü isə, əlbəttə ki, yenə də Azərbaycan əsgəri deyəcək!".
Anar Əliyev