“Ermənistanla şərti sərhəddə cərəyan edən proseslər, işğalçı ölkənin Azərbaycanla sərhəd boyunca, eləcə də Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərə silah-sursat, canlı qüvvə toplaması onu deməyə əsas verir ki, İrəvan sülh deyil, müharibə yolunu seçib. Əgər belədirsə, Azərbaycan hər zaman buna hazırdır və bu dəfəki müharibədə də uduzan Ermənistan olacaq”.
Bu fikirləri Newscenter.az-a ”Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, Ermənistanla növbəti müharibə başlayacağı təqdirdə, bu dəfə Azərbaycan İrəvanın göz yaşlarına heç bir məhəl qoymayacaq:
“Bu dəfə “Dəmir Yumruq” daha təsirli və sağalmaz izlər buraxacaq Ermənistan üçün. Bunu Ermənistan özü istədi. İkinci Qarabağ müharibəsindən keçən 3 ilə yaxın müddət ərzində Azərbaycan tərəfi maksimum dərəcədə Ermənistanla münasibətləri normallaşdırmaq, bu ölkə ilə sülh müqaviləsi bağlamaq istədi. Lakin görünən odur ki, Ermənistan heç bir halda münasibətlərin normallaşmasından, Azərbaycanla sülh müqaviləsinin imzalanmasından yana deyil. Ona görə də davamlı olaraq təxribatlarını sürdürür, yeni müharibəyə hazırlaşır”.
Arzuman Muradlı təəssüf hissi ilə qeyd edib ki, beynəlxalq təşkilatlar, dünya dövlətləri də İrəvanın müharibə hazırlıqlarını yalnız seyr etmək, hətta yeri gələndə erməni maraqlarından çıxış etmək kimi ədalətsiz, qeyri-obyektiv yanaşma ortaya qoyurlar.
Anar Əliyev