Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı

Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı


"Biz azərbaycanlılar tamamilə haqlı olaraq beynəlxalq təşkilatlardan Ermənistanın Azərbaycana qarşı gün-gündən daha da kəskinləşən nifrət siyasətinə, revanşizm səylərinə biganə qalmayacaqlarını gözləyirik. Lakin təəssüflər olsun ki, gözləntilərimiz özünü doğrultmur. Birləşmiş Millətlər Təşkilatı (BMT) başda olmaqla, əksər beynəlxalq qurumlar "humanitar yardım" adıyla siyasi oyunlar oynayan Ermənistana və "blokada" şousu ilə dünya birliyini çaşdırmağa davam edən separatçı rejimə təzyiq göstərmək əvəzinə, onlara dəstək nümayiş etdirirlər".

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, xüsusən də BMT Təhlükəsizlik Şurası (TŞ) Ermənistanı işğalçı dövlət kimi tanımaq, İrəvanın Qarabağdakı separatçıları dəstəkləmək siyasətini pisləmək və Azərbaycanın öz ərazisində dövlət suverenliyini bərpa etmək səylərini anlayışla qarşılamaq əvəzinə, separatçılığı təşviq edən addımlar atır:

"Belə ki, bu gün BMT Təhlükəsizlik Şurasında Ermənistanın müraciəti əsasında Laçın "dəhliz"inin açılması məsələsinə baxılacaq. Ermənistan tərəfi sözügedən iclasda iflasa uğramış “etnik təmizləmə”, "blokada" iddialarını yenidən gündəmə gətirməyə və Laçın sərhəd-keçid məntəqəsinin "humanitar yüklər" üçün açılması tələbi ilə Azərbaycana qarşı hansısa qərarın qəbul edilməsinə çalışacaq".

Komitə sədri deyib ki, Ermənistanın bu cür qondarma məsələləri BMT-nin Təhlükəsizlik Şurasının müzakirəsinə çılxarması bu ölkənin Azərbaycana qarşı növbəti təxribatıdır:

"Bunu həmçinin ermənilərin süni gündəm yaratmaq cəhdi kimi də qiymətləndirmək olar. BMT Təhlükəsizlik Şurası isə öz növbəsində Ermənistanın bu təxribatına "yaşıl işıq" yandırmamalıydı. Ancaq görünən budur ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası böyük dövlətlərin (xüsusən də ABŞ-ın) təzyiq vasitəsinə, "dəyənəy"inə çevrilib. Eləcə də, erməni lobbisi BMT-nin sülh və təhlükəsizliyə yox, separatçılığa xidmət edən bir təşkilata çevrilməsində mühüm rol oynayır. Ona görə də bu mötəbər beynəlxalq təşkilatın obyektivliyinə inam hissimizin sarsılması təbiidir.
Lakin BMT-nin ermənilərin "rupor"una çevrilməsi Azərbaycanı öz haqlı mövqeyindən əsla çəkindirə bilməz. Bu baxımdan, BMT Təhlükəsizlik Şurasında təşkil olunan Qarabağ müzakirələrini ciddi siyasi nəticələr doğuracaq bir hadisə hesab etmirik. Bu müzakirələrin Azərbaycan üçün ağır mənfi nəticələrə gətirib çıxarması qeyri-mümkündür.
Mən orada Azərbaycan əleyhinə hansısa sərt qərar qəbul olunacağını da gözləmirəm. Ola bilsin ki, tövsiyyə xarakterli hansısa fikirlər, çağırışlar səsləndiriləcək. Lakin rəsmi Bakı bundan sonra da Qarabağda separatçılıq hallarına qarşı qətiyyətli addımlar atılması və ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiya olunması istiqamətində səylərini davam etdirəcək. Heç bir qüvvə Azərbaycanı öz haqlı mövqeyindən çəkindirə bilməz".

Anar Əliyev
Xəbəri paylaş