7 illik fasilədən sonra İrandan Səudiyyə Ərəbistanına yüksək səviyyəli səfər baş tutub.
Newscenter.az İranın rəsmi xəbər agentliyi İRNA-ya istinadən bildirir ki, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanına gedib.
İran xarici işlər naziri Abdullahiyanın səfər çərçivəsində həmkarı Feysəl bin Ferhan başda olmaqla Səudiyyə Ərəbistanının yüksək səviyyəli rəsmiləri ilə görüşü gözlənilir. Görüşlərdə İran və Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, iki ölkə arasında münasibətlər 2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr ən-Nimr də daxil olmaqla 47 nəfərin “terrorçuluq” ittihamı ilə edam edilməsindən sonra kəsilib. Bu il martın 10-da İran və Səudiyyə Ərəbistanı 7 illik fasilədən sonra münasibətləri normallaşdırmaq qərarına gəlib və səfirliklərini yenidən açmaq, iki ölkə arasında uçuşları bərpa etmək və vizaları asanlaşdırmaq barədə razılığa gəliblər.
Mehman Mehdiyev