Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Böyük Qayıdış uğurla davam edir

Böyük Qayıdış uğurla davam edir


İlahi ədalətə şükür olsun, Böyük Qayıdış uğurla davam edir. Son vaxtlar keçmiş məcburi köçkün soydaşlarımızın işğaldan azad edilmiş ərazilərə geri dönüşü barədə tez-tez mətbuatda xəbərlərə rast gəlirik. Bəli, illərin həsrəti bitməkdə davam edir. Bu gün Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə də ilk köç yola düşdü. Başlanğıc üçün 23 ailənin (90 nəfər) qayıdışı təşkil olunub. Onlar Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3”dən yola salınıb. Biz onların hər birinə “Gözünüz aydın olsun” deyirik. Çox şükür bu günümüzə! Torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə öz minnətdarlığımızı bildirir, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad edirik.

Beləliklə, indi Füzulidən olan həmvətənlərimiz üçün də yarım qalan xatirələr yenidən canlanmağa başlayır. Bundan əvvəl isə Zəngilan, Tərtər və Laçına dönən soydaşlarımızın sevinc gözyaşlarının şahidi olmuşuq. Zəngilanın Ağalı kəndini ziyarət edərkən ora köçən yurddaşlarımızın məmnunluğunu şəxsən müşahidə etmişəm. Tərtərin işğaldan azad edilmiş Talış kəndinə 30 ildən sonra, bu ilin mart ayında ilk köç reallaşıb. Kənddə hazırda 20 ailə yaşayır. Eləcə də avqustun 16-da azad Laçın daha 18 ailəyə qucaq açıb. Belə ki, həmin gün Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park 3” yaşayış kompleksindən növbəti köç karvanı Laçın şəhərinə yola salınıb. Laçına qədəm qoyan ailələr orada dövlət rəsmiləri tərəfindən qarşılandıqdan sonra onlara mənzillərinin açarları təqdim edilib. Yenidən öz evində məskunlaşacaq ailələr sevinc hissi ilə açarları təhvil alıb. Bununla da Laçın şəhərində hələlik 221 ailənin (858 nəfərin) daimi məskunlaşması təmin edilib.

Bu proses qarşıdakı həftələrdə, aylarda da davam edəcək. Başqa sözlə desək, Böyük Qayıdış artıq geridönməz proses halını alıb. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı böyük Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. İşğaldan azad edilmiş şəhər və kəndlərimizə köçürülən ailələr üçün dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşmaları üçün bütün şərait yaradılır. Onların işlə təmin edilmələri istiqamətində də müxtəlif proqramlar icra olunur. Bir sözlə, doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar.

Ona görə də bəzi ağzıgöyçəklərin, hər şeyə mız qoyan, qara rəngdən başqa bir rəng tanımayan qaranlıq ruhlu şəxslərin “Böyük Qayıdış nə vaxt başlayacaq”, “Üç ildir torpaqlar azad olunub, niyə hələ də bir kənd köçürülməyib”, “Bəs həmən insanlar orada nə işlə məşğul olacaqlar? Dövlətin əlinə baxacaqlar?” səpkisində bədbin ovqatlı sualları, kinayəli replikaları suyu bulandırmaqdan və cəmiyyətdə ruh düşkünlüyü yaratmaqdan başqa bir şeyə xidmət etmir. Bu cür adamlar hər fürsətdə milli birliyimizi, həmrəyliyimizi pozmağa çalışırlar. Onlar erməni faşistlərinin 30 il ərzində tarmar etdikləri şəhər və kəndlərimizin bərpası və yenidən qurulması istiqamətində dövlətimizin gördüyü işləri, həyata keçirdiyi iri miqyaslı layihələri bilərəkdən görməzdən gəlirlər. Qərəzli düşüncələri onlara reallıqları düzgün və obyektiv qiymətləndirməyə imkan vermir.

Lakin cəmiyyətimiz və dövlətimiz üçün belələrinin mövqeyi önəmli rol oynamır. Əsas odur ki, doğma yurdlarına qayıdan soydaşlarımız nəticədən və durumlarından razılıq edirlər. Siz daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinlərinin hər hansı biri ilə söhbət etsəniz, özünüz də mənim bu fikirlərimin doğruluğuna əmin olacaqsınız. Odur ki, qaragüruhçuların, ictimai rəydə çaşqınlıq yaratmaq istəyənlərin destruktiv fikirlərinə, xain təbliğatlarına fikir vermək lazım deyil. Böyük Qayıdış prosesi get-gedə daha da sürətləndikcə, onların da səsləri eşidilməz olacaq.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş