Sabiq millət vəkili, hüquq üzrə fəlsəfə doktoru, tarixçi Cahangir Hüseynovun "Yeni Qarabağnamə" kitabı ingilis dilində işıq üzü görüb.
Newscenter.az xəbər verir ki, bu barədə sabiq millət vəkili özü məlumat verib. Cahangir Hüseynov deyib ki, sözügedən kitabı ingilis dilində çap etdirməkdə məqsəd Azərbaycan həqiqətlərini xarici ölkələrin də diqqətinə çatdırmaqdır.
Sabiq millət vəkili "Bütöv Azərbaycan naminə" adlı yeni əsəri üzərində işlədiyini də diqqətə çatdırıb:
"Əsər yaxın vaxtlarda çap olunacaq. Əsərin motivi ondan ibarətdir ki, Azərbaycanın ümumi tarixi araşdırılıb. Şimali Azərbaycanın bilinməyən tarixi, yəni sovetlərin dövründə xalqdan gizlədilən tarixi ilə bağlı axtarışlar apardım və onları işıqlandırdım. Həmçinin müasir dövr tariximiz barədə kitabda ətraflı məlumat əks olunub. Azərbaycanda gedən milli azadlıq hərəkatları, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı, eləcə də ondan sonra cərəyan edən proseslər və Qarabağ zəfərimiz barədə kitabda oxuculara ətraflı məlumat verilib".
Cahangir Hüseynov kitabda Cənubi Azərbaycan tarixi, Nadir şahın ölümündən bu günə qədər cərəyan edən proseslər barədə də bilgilər əks olunduğunu diqqətə çatdırıb.
Anar Əliyev