"Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribatlar bitib tükənmir. Hər dəfə yeni bir plan hazırlayır yeni taktikaya əl atırlar. Həm diplomatik cəbhədə, həm də imkanları çatdığı hərbi vasitələrlə çalışır ki, rəsmi Bakının nəhayətdə səbrini daşdırsın və qəti addım atsın. Sonra da qəyyumlarının dəstəyi ilə kampaniya aparsın. Lakin hər dəfə də uğursuzluğa düçar olur".
Bu fikirləri Newscenter-az-a AMIP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki, Ermənistanın daha bir təxribatı və təhrikedici hərəkəti şərti sərhədə hərbi texnika və canlı qüvvə yığmasıdır:
"Mən zənn etmirəm ki, 44 günlük müharibədən ordusu darmadağın edilən Ermənistan Azərbaycana qarşı yeni bir müharibəyə risq etsin. Bu İrəvan üçün dəhşətli bir avantüra və səhv olardı. Əgər belə bir addım atmağa cürət edərsə, Azərbaycanının qarşısını heç nə kəsə bilməz. Sadəcə sərhədə silahlı texnika və canlı qüvvə toplanması özünü təsdiq üçün uğursuz cəhd və hansısa planlarının olması deməkdir. Düşünmürəm ki, bu plan Ermənistana müsbət nəsə gətirəcək. Hər dəfə də Azərbaycandan sarsıdıcı zərbə alır və bu dəfə də belə olacaq".
Anar Əliyev