Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP Mərkəzi Aparatında KXDR-in ölkəmizdəki səfiri ilə görüş keçirilib

YAP Mərkəzi Aparatında KXDR-in ölkəmizdəki səfiri ilə görüş keçirilib



Avqustun 18-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Koreya Xalq Demokratik Respublikasının (KXDR) Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sin Xon Çxol ilə görüş keçirilib.

Newscenter.az xəbər verir ki, qonaqları salamlayan YAP Mərkəzi Aparatı rəhbərinin müavini Əhliman Tağıyev Koreya Xalq Demokratik Respublikasının Azərbaycan üçün dost ölkə olduğunu bildirib. Ötən il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu xatırladan Əhliman Tağıyev Azərbaycanla Koreya Xalq Demokratik Respublikası, eləcə də YAP ilə Koreya Əmək Partiyası arasında dövlətlərimizin və xalqlarımızın mənafeyinə xidmət edən qarşılıqlı faydalı münasibətlərin inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, hakim partiyalar arasında əlaqələrin genişləndirilməsi dövlətlərarası münasibətlərin inkişafına öz töhfəsini verəcəkdir.

Koreya Xalq Demokratik Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sin Xon Çxol Azərbaycanda olmaqdan məmnunluq duyduğunu ifadə edib. Ümummilli Lider Heydər Əliyevin 1985-ci ildə Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini qismində nümayəndə heyətinin rəhbəri kimi KXDR-ə səfər etdiyini xatırladan səfir Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük uğurlar əldə etdiyini vurğulayıb. Azərbaycanın Qoşulmama Hərəkatında yüksək səviyyədə təmsil olunmasına toxunan səfir ölkəmizin Hərəkata sədrlik müddətində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. O, Koreya Əmək Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrin qurulmasında və inkişafında maraqlı olduqlarını, bu istiqamətdə qarşılıqlı fikir mübadiləsinin aparılmasının böyük önəm daşıdığını bildirib.

Sonda xatirə fotosu çəkdirilib.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş