“Artıq həm Rusiya, həm də onun Qarabağda dəstək verdiyi separatçılar mənasız mübarizə apardıqlarının fərqindədirlər və Azərbaycan ərazilərini tərk etməyin yeganə çıxış yolu olduğunu dərk edirlər”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı bu gün Qarabağda Rusiya pasportu ilə yaşayan 60-a yaxın erməninin Laçın buraxılış məntəqəsindən keçməklə Qarabağı tərk etmələrinə münasibət bildirərkən səsləndirib. İctimai birlik sədri deyib ki, tezliklə bu say artacaq və Xankəndi yad ünsürlərdən tamamilə boşalacaq:
“Sadəcə burada maraqlı bir məqam ondan ibarətdir ki, Rusiya vətəndaşı olan şəxslər Qarabağda nə gəzir? Əgər Rusiya separatçılara dəstək vermək istəyirsə, o halda onları aparıb öz ərazisində yerləşdirib pasport daxil olmaqla onları hər şeylə təmin etsin. Daha Azərbaycan ərazisində separatizmə dəstək verməsin”.
Arzuman Muradlının sözlərinə görə, Qarabağı tərk edən o şəxslərdir ki, onlar Rusiyanın burada basdırdığı minalar sayıla bilərdi və Kremlin planı baş tutacağı təqdirdə bu gün Qarabağı tərk edən rus pasportlu ermənilər həmin vaxt “partlayacaqdılar”. Yəni, Rusiya həmin şəxslərdən də konkret separatçı hazırlayırdı.
İctimai birlik sədri onu da vurğulayıb ki, baş verənlər Qarabağ separatçılarının lideri Arayik Arutunyanın ətrafında həlqənin daraldığını və tezliklə onun zərərsizləşdiriləcəyini deməyə əsas verir.
Anar Əliyev