Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mühüm əhəmiyyətə malik tarixi hadisə

Mühüm əhəmiyyətə malik tarixi hadisə


Dövlətlərarası münasibətlər rəsmi səfərlərlə daha da möhkəmlənir. Belə münasibətlər siyasi əlaqələrin təzahürüdür və dünyəvi proseslərdə də kifayət qədər hiss olunur. Türkdilli xalqların ikitərəfli və çoxtərəfli əlaqələri tarixən qarşılıqlı inkişafda müəyyən əhəmiyyətə malik olub.

Azərbaycanla Özbəkistan arasında belə münasibətlərin tarixi dövlət müstəqilliyinin bərpası ilə səsləşir. Bu iki dövlət arasında istər siyasi, istər iqtisadi, istərsə də mədəni əlaqələrin inkişafında, genişləndirilməsində, formalaşmasında böyük tarixi şəxsiyyət Heydər Əliyevin və Özbəkistan Respublikasının sabiq Prezidenti İslam Kərimovun böyük, müstəsna xidmətləri olub. İslam Kərimovun 1996-cı ildə Azərbaycana səfəri, Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə Özbəkistana səfəri iki ölkə arasında münasibətlərin strateji istiqamətlərini müəyyənləşdirmişdi. 1996-cı il mayın 26-27-də Azərbaycanda iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalanmışdı.

Ermənistan Azərbaycandan ərazi iddia edirdi. Bu iddia elan edilmədən başlayan müharibəyə səbəb olmuşdu. Ermənistan işğalçı dövlət kimi Azərbaycanın 20 faiz ərazisini işğal etmişdi. Həqiqətə, tarixi ədalətə həmişə sayğı ilə yanaşan Özbəkistan işğalçılığa etiraz kimi Ermənistanın xarici siyasətini siyasi qərarı ilə cavablandırdı: Özbəkistanda çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq, Özbəkistanda Ermənistan səfirliyi və Ermənistanda Özbəkistan səfirliyi fəaliyyət göstərmir.

Ortaq tarixi, dini, mədəni köklərə malik olan iki xalq arasında tarixən ədəbiyyat, mədəniyyət, incəsənət sahələrində qarşılıqlı inteqrasiyalar əhəmiyyətli olub. Dahi özbək mütəfəkkiri Əlişir Nəvai “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq yazıb.
Avqustun 22-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri də bu münasibətlərin məntiqi davamıdır.
Səfər çərçivəsində Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilə imzalandı. Bu, iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin kifayət qədər geniş olmasının göstəricisi kimi tarixləşdi.
Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfər dünyəvi proseslərə də təsir göstərdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinə başlanıldı. Quruculuq işləri tarixi Zəfərin davamı kimi aparılmaqdadır. Türkiyə quruculuq işlərində də Azərbaycanın yanındadır. Bu dünyəvi prosesə Azərbycanın xarici siyasətinə böyük ehtiramı olan dövlətlər də qoşuldu. Onların sırasında Özbəkistan da var.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Bu amil qardaşlıq, həmrəylik və dəstək kimi tarixləşdi. Bu məktəb orta əsrlər özbək riyziyyatçısı, astronomu, böyük alimi, hökmdarı Mirzə Uluqbəyin adını daşıyır. Bu məktəb həm də iki xalq arasında dostluğun və qardaşlığın daha bir mərkəzi olacaq. Mirzə Uluqbəyin adını daşıyan bu məktəb Qarabağda quruculuq işlərinə Özbəkistanın qardaşlıq hədiyyəsidir.

İki dövlət başçısı arasında geniş tərkibdə görüş başa çatdıqdan sonra “Mədəniyyət sahəsində əməkdaşlıq haqqında Protokol”, “Energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi haqqında Saziş”, “Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının Katibinin Xidməti ilə Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının Aparatı arasında əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi” və s. kimi sənədlər imzalandı.
İki qardaş ölkənin qarşılıqlı münasibətlərinin bu səviyyədə inkişafında Prezidentlərin şəxsi münasibətlərinin də təsiri var. Hər iki Prezident müxtəlif beynəlxalq tədbirlərdə də tez-tez görüşürlər.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri iki dövlət arasında qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsində mühüm əhəmiyyətə malik tarixi hadisə oldu.

Səbinə Xasayeva -Milli Məclisin deputatı
Xəbəri paylaş