Oğuzda evlərdən 300 kiloqram fındıq oğurlanıb, 3 dost saxlanılıb.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayonun Sincan kəndində yerləşən 3 evdən ayrı-ayrı vaxtlarda ümumilikdə 300 kiloqrama yaxın fındığın oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub.
Aparılan araşdırmalar zamanı oğurluqların eyni şəxslər tərəfindən törədildiyi müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən üç dost - Elnur Usubov, Murad və Dilavər Mikayılovlar saxlanılıblar.
Saxlanılan şəxslər ifadələrində əməllərini gecə saatlarında həyata keçirdiklərini və oğurladıqları fındıqları Qəbələ rayonuna apararaq orada satdıqların, əldə etdikləri qazancı isə öz aralarında böldüklərini bildiriblər.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Mehman Mehdiyev