“Paris şəhərinin meri Ann Hidalqonun başçılıq etdiyi təxribat kolonu Azərbaycan Respublikasının Laçın rayonu ərazisində dövlət sərhədlərinə çatdı. Mer vəzifəsi, yerli özünü idarəetmə orqanının başçısı deməkdir və heç bir halda dövlətin xarici siyasəti ilə məşğul ola bilməz. Xanım Hidalqo isə, son zamanlar siyasi lozunqlarla çıxış edir, beynəlxalq hüququn normalarını kobud şəkildə pozmaqla suveren dövlətin ərazi bütövlüyünə hörmət etmir. “Sarsax” xalqına Humanitar yardım adı altında, bölgədə separatçılığı qızışdırır”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkilinin sözlərinə görə, ən acınacaqlısı isə odur ki, yerli ermənilərlə görüşdə, öz başından qat-qat böyük vədlər verir: “90-cı illərin əvvəllərində mülki Azərbaycan vətəndaşlarına ən ağır, şiddətli işgəncələr verməsi ilə məşhurlaşmış Vaqif Xaçaturyan adlı caninin qızını öpür-qucaqlaylr və söz verir ki, sənin atanı azad etdirəcəyəm. Mən bir vətəndaş olaraq, hüquq-mühafizə orqanlarımızdan xahiş edirəm ki, bu insan qatillərinin “qəhrəmanlıqlarını” əks etdirən maddi sübutları xanım Hidalqoya göndərsinlər. Ümumiyyətlə, təklif edirəm ki, Vaqif Xaçaturyan üzərində məhkəmə açıq şəkildə, on-layn rejimdə aparılsın və ora erməni cəlladlarına xüsusi sevgiləri ilə seçilən ölkələrin nümayəndələri dəvət olunsun”.
Deputat qeyd edib ki, 30 illik işğal dövründə ermənilərin Azərbaycan şəhərlərini, kəndlərini, tarixi, dini, mədəni abidələrini, qəbiristanlıqlarını, meşələrini yerlə-yeksan etdiklərini göstərən video görüntüləri, Zori Balayanın kitablarını sistemləşdirib Makron başda olmaqla, cəmi erməni sevdalılara göndərilsin:
“Oxuyub feyziyab olsunlar. Xanım mer. Sən kimsən ki, qatili, cəlladı azad etdirirsən. Kim sənə yüzlərlə günahsız insanın həyatını məhv edən cəlladı buraxdırırsan. Həyat bumeranqdır. Qətiyyən şübhə etmə, zaman gələcək sən və sənin kimiləri bədəlini ödəyəcəklər”.
Anar Əliyev