Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Narkomaniyanın müalicəsində ailənin rolu

Narkomaniyanın müalicəsində ailənin rolu


Hər bir insan özünün yaşadığı ömrü ,ona bəxş edilən vücudu ərmağan olaraq tanımalıdır. İlahi tərəfindən əmanət verilmiş canı qorumaq,ruhu pak saxlamaq sağlam iradənin məhsuludur. Sağlam iradə hansı şəraitdə formalaşır,buna öncəki yazılarımda geniş yer vermişəm. Yazılarımın təməl mövzusu olan ailə-məişət qaydalarının pozulmasından,düzgün qurulmamasından əmələ gələn bəlaların birindən yazacağam bu gün…

Bütün dünyanın bəlası sayılan narkomaniyanın nələrə bais olduğuna cəmiyyət olaraq az-çox şahidik. Bu zəhərin insan orqanizminə və ruhuna verdiyi zərərlərin sayı nə mənim məqaləmə sığmaz,nə də ki bunu yazmağa mənim qələmim yetməz. Lakin yaşadığımız cəmiyyətin sağlam gələcəyi üçün bu yolda maariflənməyə və maarifləndirməyə yardım edənlərə az da olsa bir əməyim keçəcəyinə inanaraq bu yazını qələmə almağa qərar verdim.
Narkomaniya haqqında nə bilirik?

Narkotik məhsullar vücuda qəbulu zamanı davranışda, ruhi və bədən üzərində dəyişikliklərə səbəb olan, asılılıq yaradan maddələrə deyilir.Bu maddələrin qəbulu zamanı insanlarda ümumi olaraq ağciyər və ya ürək xəstəliyinə, iflicə, xərçəng xəstəliyinə və ya zehni sağlıq ilə bağlı müxtəlif problemlərə də rast gəlinməkdədir. Bu insanlarda ayrıca HIV, Hepatit C kimi yoluxucu xəstəliklərin və erkən ölümlərin baş verməyi qaçılmazdır.

Narkomaniya ilə bağlı dünya statistikasına nəzər salarsaq, keçən 10 il boyunca uyuşdurucu maddə istifadəçiləri ilə bağlı ölümlər ikiqat artmışdır. 2019 -cu ildə bu səbəbdən 500 minə yaxın insan həyatını itirmişdir.

Adını “ağ ölüm” qoyduğumuz bu illət müalicə oluna bilən bir sağlıq problemi olsa da bu o qədər də asan prosedur deyil. Narkomaniya xroniki bir xəstəlik olduğundan insanlar sadəcə bir neçə gün uyuşdurucu maddə qəbulunu dayandırmaqla sağala bilmirlər. Bir çox xəstə istifadəni tamamilə tərgitmək və həyatını xilas etmək üçün uzun sürən və təkrarlı bir şəkildə dəstəyə ehtiyac duyur. Bu dəstəkdə valideynlərin rolu qaçılmazdır. Valideynlər övladlarının narkomaniyaya alışdığını öyrəndikləri zaman qəbul edə bilməmək, inkar, üzüntü, şok, xəyal qırıqığı, hirs və istifadəçini sorğulamaq kimi vəziyyətlər yaşaya bilirlər.

Bununla bağlı olaraq övladlarına qarşı davranış və rəftarları dəyişə bilir. Bu davranışların gətirib çıxardığı vəziyyətlər müalicəyə uğurlu təsir etmək yerinə daha çox neqativ hallara gətirib çıxara bilir və bunun qarşısını almaq üçün belə rəftarlardan çəkinmək lazımdır. Belə durumlarda düşdüyü bu çətin vəziyyətdən doğru şəkildə çıxmaq və bunun üçün lazım olan metodları öyrənmək üçün valideynlərin bir peşəkardan dəstək alması daha faydalı olur.

Bəs bunun önünün vaxtında alınması üçün nələrə diqqət olunmalıdır?

1.Valideynlər övladı ilə narkomaniyanın zərərli və insan üzərində asılılıq yarada bilməyindən,yeri gəldikdə öldürücü xəstəliklərə yol aça biləcəyi barədə davamlı söhbətlər etməli;
2.Ailə içində güclü və pozitiv,sevgi dolu bir bağlılıq inşa etməli;
3.Övladlarının sosial həyatından,dost çevrəsindən xəbərdar olmalı;
4.Ailə içində açıq və başa düşülən qaydalar qoyulmalı,bu qaydaya ailə fərdlərinin tabe olması üçün həssas davranışlar sərgiləməli;
5.Övladının məktəb və tərkibində olduğu bütün cəmiyyətlərlə davamlı təmasda olmalıdır.

Qəbul etmək lazımdır ki, bu qaydaların ən başında güclü ailə təməlinin olmağı gəlir. Güclü ailə bağları mövcud olduğu halda bu kimi arzuolunmaz hallarla rastlaşdıqda belə bütün ailə birlik olaraq bu bəlanın öhdəsindən gələ bilir.Bu bağları da təşkil edən ,sözsüz ki, ilk öncə ata və anadır. Təməli doğru inşa edilən ailənin başçıları belə hallarda birlik nümayiş etdirir və övladları üçün ən doğru mübarizə üsulunu seçirlər. Bu çətin yolda valideyn olaraq ata və ananın rolu çox böyükdür. Xəstənin sağalmağı üçün ilk öncə bunu özü istəməsi, özünü müalicəyə hazır hiss etməsi ən vacib faktordur.

Bu yolda xəstənin davamlı olaraq yaxınları,ailəsi ilə bağlantısının olmağı, onların dəstəyini hiss etməyi çox önəmlidir. Sağalmanın bir anda olmadığını və zaman ərzində baş verdiyini nəzərə alarsaq, bu dönəmdə tibbi yardımla yanaşı ,psixoloq yardımının da gərəkli olduğu vacibdir.

Hər halda bu mövzu narkomaniya ilə bağlı peşəkar ekspertlər tərəfindən yazılması daha məqsədyönümlü olsa da Azərbaycan respublikasına xidmət edən hər bir sıravi vətəndaşın da bu yolda göstərdiyi hər dəstək bu bəladan qurtulacağımıza yönələn bir addım olacaqdır. Daha sağlam gələcək üçün narkomaniyaya, “ağ ölüm”ə yox deyək.Gənclərimizi bu yolda güclü iradə və mətinlik göstərməyinə, həyatlarını təhlükə altına atmamağa səsləyək. Çiçəklənən Azərbaycan və sağlam cəmiyyətdə sağlam ruh naminə bir olaq, birlik olaq, vətənin hər bir övladına ehtiyacı var. “Biz birlikdə güclüyük” şüarı ilə birimiz hamımız, hamımız birimiz üçün narkomaniyaya “YOX” deyirik…

Gülər Mübariz
Xəbəri paylaş