Müstəqilliyi olan hər bir xalq onu quran, qoruyub saxlayan və dünyaya tanıdan ali liderə, dahi şəxsiyyətə, xilaskara borcludur. Çünki bu məsuliyyətli və taleyüklü missiyanı yerinə yetirmək, milli quruculuğun lideri, eləcə də xalqın böyük etimadına layiq olmaq dövlət xadiminin fədakar əməyini tələb edir. Azərbaycanın müstəqil dövlət kimi müasir tarixi məhz belə bir liderin adı ilə bağlıdır. Xalqımızın böyük oğlu ümummilli liderimiz Heydər Əliyevin XX əsrdə yaratdığı milli dövlətçilik tarixi bizim üçün milli sərvətdir.
Bu böyük ad - Heydər Əliyev adı qüvvətli şəxsiyyəti, vətəndaş mübarizliyi, obyektiv prinsipiallığı və dönməz fədakarlığı ilə səciyyələnir. Bütün bu insani dəyərlərin əbədi daşıycısı olan Ulu öndər yarım əsrə yaxın dövrdə Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri, ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti olmuş dahi şəxsiyyətdir.
Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir.
XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlləri bütün Azərbaycanda, о cümlədən onun tərkib hissəsi olan Naxçıvanda ictimai-siyasi hadisələrin ən mürəkkəb dövrü kimi xarakterizə olunur. Həmin dövrdə sovet imperiyası rəhbərliyinin Azərbaycanın maraqlarına zidd siyasəti, ermənilərin Naxçıvana ərazi iddiaları və sərhədlərdə hərbi toqquşmalar yaratması Muxtar Respublikanın həyatına ciddi təsir göstərmişdir.
Bu dövrlərdə bütün Azərbaycanda, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvanda xalqın azadlıq uğrunda apardığı mübarizəni qələbə ilə başa çatdırmaq üçün siyasi təcrübəyə, diplomatik qabiliyyətə malik rəhbər lazım idi. Belə bir rəhbər Azərbaycan görkəmli dövlət xadimi Heydər Əliyev oldu.
Ümummilli lider Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Başqa sözlə, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir.
Naxçıvandan başlanan müstəqillik yolu milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Ulu öndər Heydər Əliyev keçmiş Sovetlər Birliyinin mövcud olduğu bir dövrdə cəsarətli addımlar ataraq Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri götürüldü. Milli şüurun dirçəlməsi istiqamətində ən zəruri addımlar görüldü. Sovet qoşun hissələri və sərhəd dəstələri onlara məxsus silah-sursatın, texnikanın və əmlakın tamamilə Naxçıvanda saxlanması şərtilə ilk dəfə olaraq bu torpağı tərk etdilər.
İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikanın Ali Məclisində 20 Yanvar faciəsinə siyasi qiymət verildi, həmin günün milli matəm günü elan olunması, dünya azərbaycanlılarının birlik və həmrəylik gününün təsis edilməsi, aqrar islahatların həyata keçirilməsi barədə tarixi qərarlar qəbul olundu. Azərbaycan Xalq Cümhurriyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında ulu öndərin təşəbbüsü ilə muxtar respublikanın Dövlət bayrağı olaraq təsdiq olundu. Eyni zamanda, Naxçıvan Muxtar Respublikanın Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı və 1991-ci il fevralın 5-də bu vəsatətə baxıldı. Həmin tarixdən etibarən Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etdi.
Bu dövrdə dövlət müstəqilliyinin bərpası istiqamətində tədbirlər təkcə siyasi müstəvidə getmirdi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatının tələblərinə uyğunlaşan iqtisadi model formalaşırdı. Blokadanın vurduğu ziyanın aradan qaldırması üçün tədbirlər görülür, Türkiyə və İranla iqtisadi əlaqələr qurulurdu. Qısa müddətdə Araz çayı üzərində “Ümid” körpüsü tikilib istifadəyə verildi. Sədərək, Culfa və Şahtaxtı gömrük-keçid məntəqələri fəaliyyətə başladı. Naxçıvan şəhəri yaxınlığında istilik-elektrik stansiyası tikildi, Türkiyədən və İrandan Naxçıvan Muxtar Respublikasınına yüksək gərginlikli elektrik xətləri çəkildi.
Naxçıvanda həyata keçirilən demokratik tədbirlər bütün Azərbaycana nümunə olmuşdu. Ulu Öndər Heydər Əliyev 1991-ci il iyulun 19-da Kommunist Partiyasından çıxdı. 1991-ci il avqustun 30-da isə Azərbaycan Respublikası Ali Sovetinin bu xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etdi.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrilib. Müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafın istiqamətləri məhz burada müəyyənləşdirilib. Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir. Ulu Öndər Heydər Əliyevin siyasi institutların inkişafına verdiyi dəstək sayəsində müstəqil dövlətçilik ənənələrinin inkişafı prosesi başlandı. Ulu Öndər Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu. Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra səmərəli dövlətçilik konsepsiyası, iqtisadiyyatın dirçəlişi strategiyası və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun olaraq demokratik inkişaf reallaşdı.
Yevlax rayon M.Kərimov adına Tanrıqulular kənd tam orta məktəbin fənn müəllimi Məmmədli Aytən