TƏBİB-in tabeliyindəki Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru Kamran Paşayev 31.08.2023-cü il tarixində axşam saatlarında kəskin ürək tutmasından vəfat edib.
Newscenter.az TƏBİB-ə istinadən bildirir ki, mərhum, 31.08.2023-cü il tarixində saat 18:25 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq, saat 20:50 radələrində bioloji ölüm qeydə alınıb.
Qeyd edək ki, Paşayev Kamran Rafiq oğlu 27.05.1970-ci il tarixində Quba şəhərində anadan olub. 1976-cı ildən 1987-ci ilədək Qubada 3 saylı orta məktəbdə təhsil alıb.
1988-1994-cü illərdə Rusiya Federasiyasının Hərbi Tibb Akademiyasında təhsil alıb və oranı fərqlənmə ilə bitirib. 1994-1999-cu illərdə Rusiyada həkim-cərrah kimi fəaliyyət göstərib.
1999-cu ildə Azərbaycana qayıdıb və 2010-cu ilə qədər Quba Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah kimi fəaliyyət göstərib. 2010-cu ildən 2021-ci ilə qədər sözügedən tibb müəssisəsinin Cərrahiyyə şöbəsinin müdiri kimi çalışıb.
2021-ci ildən etibarən Qusar Rayon Mərkəzi Xəstəxanasında direktorun səlahiyyətlərini icra edib. 6 iyul 2022-ci il tarixindən etibarən Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru təyin olunub.
Anar Əliyev