Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Separatçıları İrəvandan daha çox, Paris himayə və müdafiə edir

Separatçıları İrəvandan daha çox, Paris himayə və müdafiə edir


Fransa prezidenti Emmanuel Makron heç bir halda Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi, regionda yeni reallıqlar yaratmasını qəbul etmək istəmir, bütün mümkün vasitələrdən istifadə edərək regionda gərginliyi artırmağa, yeni bir qarşıdurma yaratmağa çalışır. İkinci Qarabağ müharibəsi başlayan ilk saatlardan bu günə qədər Makron eyni mövqeni nümayiş etdirir, Ermənistanın, eyni zamanda Qarabağdakı separatçıların himayədarı qismində çıxış edir. Hətta Qarabağdakı qeyri-qanuni erməni birləşmələrini İrəvandan daha çox Paris müdafiə və himayə edir deyə bilərik. Son günlər cərəyan edən proseslər, Paris şəhər merinin İrəvandan humanitar yardım adı altında yük maşınları ilə Laçın sərhəd buraxılış məntəqəsinə doğru hərəkət etməsi, Azərbaycanla bağlı qərəz, düşmən münasibətinə xas fikirlər səsləndirməsi deyilənlərin əyani sübutudur.

Newscenter.az-ın xəbərinə görə, baş verənlərlə bağlı fikirlərini bildirən "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı deyib ki, Fransa rəhbərliyi, şəxsən prezident Makronun davranışları Roma papasından daha çox katolik olmaq istəyini xatırladır:

"Ermənistan rəhbərliyi Makron qədər Qarabağdakı qeyri-qanuni hərbi birləşmələrə dəstək vermir. Rəsmi Paris açıq şəkildə separatçılığa dəstək nümayiş etdirir".

İctimai birlik sədri deyib ki, Makronun hər hansı cəhdləri, çabalarına baxmayaraq Paris Cənubi Qafqazda istədiyinə nail ola bilməyəcək:

"Çünki Fransanın bir dövlət kimi imici, nüfuzu hazırda ayaqlar altındadır. Makronun prezidentliyi illərində Fransa özünün ən pis, ən arzuedilməz dövrünü yaşayır. Hətta Avropadakı yaxın qonşuları belə Fransaya qeyri-ciddi bir ölkə kimi baxırlar".

Arzuman Muradlının sözlərinə görə, Afrikada ciddi problemlərlə üzləşmiş və ağır duruma düşən Fransa Cənubi Qafqazda da pozucu fəaliyyətindən əl çəkmir və durumu gərginləşdirmək istiqamətində işini davam etdirir.
İctimai Birlik sədri onu da diqqətə çatdırıb ki, heç bir qüvvə Azərbaycan dövləti və onun liderini öz yolundan döndərə bilməz:

"Azərbaycan lideri, cənab prezident İlham Əliyev öz qətiyyətini ortaya qoyub və Qarabağın erməni sakinlkəri ilə bağlı ölkəmizin mövqeyini açıq şəkildə bütün dünyaya bəyan edib. Ona görə də hər kəs, eləcə də rəsmi Paris və Roma papasından daha artıq katolik olmaq istəyən Makron bizim mövqeyimizə hörmətlə yanaşmağa məhkumdur. Elə bu günlərdə prezident İlham Əliyevə zəng edən Makronun qaldırdığı məsələlər də yetərincə cavablandırılıb və Azərbaycanın mövqeyi tam ifadə olundu".

Anar Əliyev
Xəbəri paylaş