BBC Yayım Korporasiyası (BBC) kimi nüfuzlu Qərb KİV-nin Azərbaycanın Qarabağ bölgəsindəki separatçıların maraqları naminə başdan-başa qərəzli, subyektiv və birtərəfli süjet hazırlayaraq bölgədə erməni separatizminin təbliğinə xidmət etməsi dərin təəssüf hissi doğurur. Biz bu cür sanballı media nəhəngindən belə bir xoşagəlməz hərəkəti gözləməzdik. Sözügedən media qurumunun jurnalistlərinin “müsahib” qismində Artak Beqlaryan kimi qatı separatçını danışdırmaları obyekiv media prinsiplərinə qəti şəkildə ziddir.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. Onun sözlərinə görə, belə bir ermənipərəst süjetin hazırlanması onu göstərir ki, BBC-nin münaqişələrin işıqlandırılmasında qərəzsizlik prinsipini bəyan etməsi əslində gözdən pərdə asmaqdan başqa bir şey deyil:
"Görünən budur ki, bu cür qlobal media korporasiyası Azərbaycana münasibətdə özünün pafosla təbliğ etdiyi qərəzsizlik prinsipini unudur və açıq-aşkar qərəzli mövqe tutur. Azərbaycanın məlum bölgəsindən süjet hazırlayan bir xarici telekanalın yalnız separatçıların mövqeyini qabartması, Azərbaycanın rəsmi şəxslərinin fikirlərinə isə yer ayırmaması klassik anlamda subyektivlik, qərəzlilik nümunəsidir".
Komitə sədri hesab edir ki, bu olay BBC-nin hansı dairələrin maraqlarına xidmət etdiyini ortaya qoyur:
"Bu kanal peşəkarlıq və media etikası kimi təməl dəyərlərə tüpürərək, Azərbaycan əleyhinə təbliğat aparır. Biraz kobud dillə desək, BBC də bəzi media qurumları kimi “plintus”dan aşağı səviyyəyə enərək separatçılığın ruporuna çevrilir. Biz BBC-nin rəhbərliyini özünün efir siyasətini bir daha nəzərdən keçirməyə çağırırıq. Çünki erməni separatizminin təbliğat “meydan”ına çevrilmək bu korporasiyaya heç də yaxşı perspektiv vəd etmir. Və bir ovuc separatçıya görə Azərbaycanla münasibətləri korlamaq rasional mövqe deyil".
Anar Əliyev