“Ermənistanın baş naziri Nikol Paşinyanın bir neçə gün əvvəl verdiyi açıqlama və İrəvanın Qarabağdakı separatçı rejimə dəstəyini davam etdirəcəyi barədə səsləndirdiyi fikirlər bu ölkənin konkret sülhdən uzaq olduğunun və Azərbaycanla münasibətləri normallaşdırmaq istəmədiyini təsdiqləyir. Son günlər Azərbaycan Ordusunun mövqelərinin müxtəlif istiqamətlərdə Ermənistana tərəfindən atəşə məruz qalması və tez-tez baş verən düşmən təxribatları da bunun bariz nümunəsidir”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib. Millət vəkili qeyd edib ki, erməni baş nazirinin son açıqlaması Paşinyanın ikiüzlülüyünü, siyasi riyakarlığını göstərir:
“44 günük Vətən müharibəsindəki biabırçı məğlubiyyətdən sonra dəfələrlə etdiyi çıxışlarda Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyən Paşinyanın, indi bunun əksini söyləməsi erməni baş nazirin nə dərəcədə ikiüzlü, sözünə və imzasına hörmət etməyən bir siyasi fiqur olduğunu ortaya qoyur”.
İqbal Məmmədov hesab edir ki, Paşinyanın bir-birinin əksi olan açıqlamalar verməsi, ikiüzlü siyasət yürütməsinin bir səbəbi də Ermənistan daxilində cərəyan edən siyasi proseslərlə bağlıdır:
“Belə ki, son vaxtlar Ermənistanda Sərkisyan-Köçəryan ittifaqının möhkəmlənməsi tendensiyasının müşahidə edilməsi, üstəlik bu ittifaqa separatçıların sabiq “lideri” Arayik Arutunyanın da qoşulması Paşinyan hakimiyyəti üçün ciddi təhlükə mənbəyi yaradıb. Hətta yaxın vaxtlarda Paşinyanın devriləcəyi ilə bağlı da fikirlər səslənir. Ona görə də erməni baş nazir kreslosunu qorumaq üçün yenidən ənənəvi ikiüzlü siyasətə əl atıb. Erməni baş nazir bu fikirləri ilə xalq arasında itən nüfuzunu bir qədər artırmağı düşünür”.
İqbal Məmmədov deyir ki, Koçaryan-Sarkisyan qruplaşması daha çox Rusiyaya bağlı olduğu üçün baş verənlərə Kremlin regionda yeni oyunu kontekstində də baxmaq olar.
Anar Əliyev