Rusiyanın Qarabağda müvəqqəti olaraq yerləşdirilmiş sülhməramlı kontingentində növbəti komandan təyinatı olub. General polkovnik Aleksandr Lentsovu bu vəzifədə general mayor Kulakov Kirill Denisoviç əvəz edib.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, baş vermiş bu komandan dəyişikliyi özüylə bərabər bir sıra suallarda gətirir:
"Kreml rəhbərliyi tez-tez bu addımı niyə atır? Səbəblər nələrdir? Təbii ki, məlum dəyişiklik Qarabağda baş verən proseslər fonunda cərayan edir. Bilindiyi kimi rəsmi Bakı böyük ölçüdə sülhməramlıların fəaliyyətindən narazıdır və dəfələrlə bununla bağlı Moskvaya öz etirazını bildirmişdir. Rusiya sülhməramlıları əksər hallarda öz fəaliyyət istiqamətlərini unudaraq bölgəyə erməniləri müdafiə etmək üçün gəldikləri görünüşü formalaşdırır, həddini aşaraq qanunsuz silahlı birləşmələrin silah-sursatla təmin olunmasında fəallıq nümayiş etdirir".
Pərviz Mirizadənin sözlərinə görə, lakin görünən odur ki, bunlar belə separtçıları qane etmir və zaman-zaman tərəflər arasında gərginlikdə yaşanır. Bu günlərdə isə Azərbaycanın Laçın nəzarət-buraxılış məntəqəsində həyata keçirdiyi fəaliyyət Qarabağın erməni sakinlərinin yuxusuna haram qatıb. Onlarda bu situasiyada sülhməramlıları günahlandırır, prosesə mane olmamaqda ittiham edirlər. Halbuki Azərbaycanın siyasi iradəsi fonunda rusların edəcəyi heç bir şey yoxdur".
AVP rəsmisi deyib ki, yeni komandan təyinatınında hər hansı bir dəyişiklik gətirəcəyi absurddur:
"General Kulakov da sələfləri kimi bir sıra vədlər verərək erməniləri sakitləşdirməyə çalışacaq. Lakin bunlar da müvəqqəti xarakterlidir".
Anar Əliyev