"Ukrayna prezidenti V. Zelenskinin Krım Tatar türkü Rüstəm Umerovu müdafiə naziri təyin edib. Ukrayna Ali Radası onun namizədliyini təsdiq etdikdən sonra, nazir yeni vəzifəsinə rəsmən başlayacaq. V. Zelenskinin Krım türkünü müdafiə naziri təyin etməsi, Rusiyaya mesajdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, bununla V. Zelenski Ukraynanın Krımdan vaz keçməyəcəyini və heç bir danışıqlar prosesində Krımın müzakirə edilməyəcəyini xüsusi olaraq ortaya qoydu:
"Bundan sonra, Ukrayna Krımın azad edilməsi üçün hərbi əməliyyatları kifayət qədər genişləndirəcək. Müdafiə nazirinin türk olmasının, Krım türklərinin mövqeyinə də müsbət təsir edəcəyi hesablanıb".
Politoloq deyib ki, Rüstəm Umerovun müdafiə naziri təyin edilməsinə Vaşinqtonun da xüsusi razılığı olub:
"Ukraynanın yeni müdafiə naziri Türkiyə və Qərblə ciddi əlaqələri inkişaf etdirəcək. Bu postun hərbi deyil, strateji olaraq Ukrayna üçün müsbət perspektivləri olacaq. Yeni təyinat Ukraynanın digər xalqalara da üstünlük verdiyinin bariz nümunəsidir".
Anar Əliyev