“Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş tədbir keçirilib.
Paytaxtdakı 53 nömrəli tam orta məktəbdə təşkil olunmuş tədbirdə Azərbaycan Respublikasının Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev, Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr sektorunun müdiri İlqar Dadaşov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Milli Olimpiya Komitəsinin OCEP layihəsinin kordinatoru Namiq Cəfərov, müəllimlər və şagirdlər iştirak ediblər.
Newscenter.az xəbər verir ki, öncə qonaqlar məktəbdə yaradılmış STEAM kabineti və təlim-tədris şəraiti ilə yaxından tanış olublar.
53 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova “Qardaşlaşmış məktəblər” və OCEP layihəsi çərçivəsində görülən işlərdən bəhs edib.
Daha sonra məktəbin Heydər Əliyev muzeyində şagird-müəllim kollektivinin Özbəkistana səfəri və məktəbin fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.
Görüşdə eyni soykökə və adət-ənənələrə malik Azərbaycan-Özbəkistan əlaqələrinin tarixindən, bu gün də yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilən əməkdaşlıqdan və müvafiq layihələrin əhəmiyyətindən danışılıb.
Həmçinin Azərbaycanın Özbəkistan, eyni zamanda digər Türk ölkələrilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığının ölkələrimiz və xalqlarımızın, eləcə də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verildiyi diqqətə çatdırılıb.
Ruhiyyə Mehdiyeva