Hesablama Palatası tərəfindən Aqrar Xidmətlər Agentliyində audit aparılıb.
Newscenter.az Palataya istinadən bildirir ki, auditin nəticələrinə əsasən təsərrüfatlardakı heyvanların identikləşdirilməsi ilə bağlı zəruri tədbirlərin həyata keçirilməməsi ölkə üzrə heyvanların statistik say göstəricilərinin bir o qədər də etibarlı olmadığını göstərməklə yanaşı, xəstəliklərin xüsusiyyətləri və arealı üzrə mümkün coğrafi (region və ya regionlar) məhdudiyyətlər bir qayda olaraq nəzərə alınmadan illik dövriliklə təsdiq olunan epizootiya əleyhinə profilaktik və diaqnostik Tədbirlər Planlarının əsaslandırılması səviyyəsinin də aşağı olduğunu deməyə əsas verib.
Tədbirlər Planlarının icrasının real təşkili üçün regional strukturlar üzrə aylıq, rüblük hədəf göstəricilərinin müəyyənləşdirilməməsi, faktiki vaksinləşmənin istər elektron kənd təsərrüfatı informasiya sistemi, istərsə də hər-hansı digər əlaqəli proqram təminatı üzərindən elektronlaşdırılmasının təmin olunmaması bu sahədə problemlərin mövcudluğunu şərtləndirib.
Epizootiya əleyhinə 2022-ci ilin Tədbirlər Planı çərçivəsində iribuynuzlu və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı vaksinasiya tədbirləri nəticəsində heyvanlarda yaranmış immunitetin ümumi səviyyəsinin müəyyən edilməsi məqsədilə sentyabr-oktyabr aylarında təsadüfi seçmə üsulu ilə 30 şəhər və rayonda fəaliyyət göstərən fərdi təsərrüfatlarda keçirilmiş seroloji monitorinqlərin nəticələri onu deməyə əsas verib ki, vaksinləşmə prosesinin yerinə yetirilməsi istiqamətində xərclənmiş vəsaitlərin səmərəlilik (nəticəlilik) səviyyəsi aşağı olub.
Anar TAGİYEV