Hesablama Palatası tərəfindən Naxçıvan Dövlət Universitetində audit aparılmışdır. Auditin nəticələrinə əsasən təhsilin müxtəlif pillələrində ödənişli təhsil üzrə haqların uçota alınması, hesabatlılığın təmin edilməsi və bu haqların yığılması ilə bağlı əhəmiyyətli maliyyə pozuntularına səbəb olan nöqsanlara yol verilmiş, təhsil haqları üzrə borcların uçotunda ciddi təhriflər müəyyən olunmuşdur.
Newscenter.az Palataya istinadən bildirir ki, 01 yanvar 2023-cü il tarixinədək Universitetdə təhsilini başa vurmuş və ya müxtəlif səbəblərdən təhsilini dayandırmış tələbələrlə bağlanmış müqavilələrin tələblərinə əməl edilməyərək təhsil aldığı müddətdə təhsil haqqı borcu alınmadan audit dövrünün sonuna debitor borc yaranaraq təhsil haqqı üzrə gəlirlər 11241,8 min manat, o cümlədən əcnəbi tələbələr üzrə 6985,1 min manat az icra edilmişdir. Əcnəbi təhsilalanlar üzrə göstərilən borcun tərkibində bakalavr və magistratura təhsil səviyyələrində təhsil alan 1159 tələbə üzrə 6069,1 min manat təhsil haqqı borcu uzun müddət təhsil haqqı borcunu ödəməyən və bir neçə tədris ili universitetlə əlaqə saxlamadığı və qeydiyyatdan keçmədiyi, həmçinin fərdi tədris planını imza etmədiyi halda xaric edilməyərək tələbə kontingentində saxlanılan tələbələri əhatə etmişdir.
Təhsilin müxtəlif forma və səviyyələri üzrə təhsil haqlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi həddən aşağı müəyyən olunması, eləcə də müqavilələrin təsbit edilmiş haqlar çərçivəsində bağlanılmaması, akademik borcların ləğv edilməsi üzrə məbləğlərin düzgün müəyyənləşdirilməməsi ümumilikdə gəlirlərin 761,6 min manat məbləğində az icra edilməsi ilə nəticələnmişdir.
Təhsilalanlar üzrə hesabatlılığın təmin edilməsində yol verilmiş nöqsanlar dövlət sifarişi əsasında kadr hazırlığına ayrılmış 297,2 min manat məbləğində təhsil haqqı və təqaüd xərclərinin dövlət büdcəsinə qaytarılmaması ilə nəticələnmiş, eləcə də aidiyyəti məlumat bazalarının müqayisə edilməməsi, həmçinin təqaüd yerlərinin düzgün müəyyənləşdirilməməsi 94,0 min manat artıq maliyyələşmə məbləğinin formalaşmasına səbəb olmuşdur.
Anar TAGİYEV