"Uzun illər Ermənistan Respublikasında Rusiyanın əlaltıları hakimiyyətdə olub. Qarabağ klanı. Onlara isə ümumxalq nifrəti formalaşıb. Etdikləri cinayətlərin yarası heç qaysaqlanmayıb. Ermənilərin aydın düşüncəyə malik hissəsi bunu gözəl anlayır. Paşinyanın Rusiya tərəfindən siyasi yolla devrilməsi buna görə mümkün deyildir".
Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən tarixçi Rəfail Eminovun sözlərinə görə, Qarabağ klanı indi Qarabağa çəkilərək rus sülhməramlıların arxasında özünü həbs edilməkdən qoruyur:
"Paşinyanın yalnız terror yolu ilə aradan götürülməsi isə yeni terror müharibəsinin başlaya biləcəyi təhlükəsindən dolayı edilməyəcək. Paşinyanın düşmənimiz olsa da onun Ermənistanda qalaraq Qərbə inteqrasiya yolu seçməsi, Putinlə razılığa gələ bilməməsi torpaqlarımızın tam azad edilməsinə Naxçıvana quru əlaqəmiz, tarixi Zəngəzurun qərb ərazilərinin də azadlığına səbəb olacaq".
Tarixçi qeyd edib ki, Xankəndində bayrağımızın qalxması, ermənilərin qondarma " dövlətçik" dən imtina etməsi də baş verəcək:
"Onlara onsuz da rus pasportları paylanıb və olsun ki, ruslar hələ uzun müddət öz əlaltılarını həmin pasport altında qoruyub saxlayacaqlar.. Lakin biz məqsədimizə çatıb Xankəndində legitim hakimiyyət təsisatları yaradıb bayrağımızı qaldıracağıq".
Anar Əliyev