Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elə Flora kimi düşünən insanlar yıxmadı Cümhuriyyəti?

Elə Flora kimi düşünən insanlar yıxmadı Cümhuriyyəti?


Yenə başlandı. Rusiyanın beşinci kolon Türkiyənin Azərbaycana yardımı, Zəngəzur dəhlizi məsələsi və Qarabağda gərginlik dövründə saxta və uydurma fikirləri tanınan şəxslərin dili ilə dedizdirməyə başladılar. Ay Nuru paşa faytona qızıl aldı, sonra Gəncədən Bakıya gəldi, ay Atatürk Azərbaycana niyə kömək etmədi, ay Ənvər Paşa bizi ruslara satdı.
Hər dəfə Qarabağ istiqamətində bir balaca bizim xeyrimizə işlər dəyişən zaman tarixdən anlayışı olmayanlar düşürlər Türkiyənin üstünə, türk cəmiyyətinin və siyasi dairələri ittiham etməyə.

Tam qətiyyətlə deyirəm. Azərbaycan-Türkiyə münasibətlərinə bu heç nə edə bilməz. Çünki iki dövlət arasında bu münasibəti heç siyasilər, böyük dövlətlər belə poza bilməz. Nəinki cəmiyyət. Bu münasibətlər dərin qatlarda oturan türk dünyasının gözəgörünməz gücləri tərəfindən qoyulub. Nəinki Ərdoğan, heç kimin bu münasibətləri pozmaq səlahiyyəti yoxdur.

Bu cürə ürək açmayan söhbət sadəcə bir xəttə yönəlib. Türkə nifrət, rusa sevgi yaratmaq cəmiyyətdə. Elə zamanda yaşayırıq ki, alim Zaurun sözü artist Floranın sözü yanında heç nədir. Alim Zaurun sözü bəzi deputat, xalq yazıçısı və artistlərin yanında heç nədir. Tik tok cəmiyyəti üşün artist və şoumenlərin sözü keçir. Alim sözü yox. Nəisə...bu başqa söhbətdir.

Bəli bizim Türkiyədən əvvəl mövcud olmuş Osmanlılarla tarixdə fikir ayrılığımız olub, bu hətta ən faciəli savaşlarla müşayət olunub. Ancaq bunun da bir məntiqi səbəbi var. Türkün türkdən başqa dostu olmadığı kimi türkün türkdən başqa mərdcəsinə cəng edəcəyi millət də yoxdur. Güc güclə toqquşar. Ancaq bizim Cümhuriyyətimiz dövründə başlanan münasibətlər keçmiş yox gələcək üzərində qurulmuş idi. Batum konfransında bəli Türk paşaları İrəvanın Ermənistana verilməsi məsələsində bizə təzyiq edirdilər. Bunu danmaq da olmaz. Azərbaycanı işğal edən bolşevik ordusunun da başında türk paşası Xəlil də gəlirdi, qırmızı terror ordusunda türk əsgərləri də var idi. Parlamentdə ruspətəst güclər Cümhuriyyətin süqutuna təsir edəndə Türkiyədən gələn bəzi sosialist yönümlü şəxslər də lehinə səs verənlərə alqış etmişdilər. Amma belələri hər dövlətdə olub. Guya bizim ölkəmizdə belələri yox idi? Bu o xalqın əksər hissəsi o deyil idi ki, 28 May 1918-1920 ci ildə Cümhuriyyəti alqış edib, 28 aprel 1920-ci ildə Ruslara qucaq açmamışdır?

Rəsulzadənin ətrafında olan şəxslər ona xəyanət etmədimi? Cümhuriyyətin çörəyini yeyənlər sonra onu yıxmadılarmı? Əzizbəyovlar, Çingiz İldırımlar, Nərimanovlar səbəb olmadımı? Dövləti içindən yıxan şəxslər var idisə, xainlər var idisə Türkiyə nə etməli idi? Atatürk yaxud Nuru paşa onlarla mübarizə aparmalı idi yoxsa bizim xalq? Dadaş Bünyadzadə, Ayna Sultanova, Qəzənfər Musabəyov, Əliheydər Qarayev və digərlərini Atatürk göndərmiş idi bu ölkəni yıxmağa? Yaxud Nuru paşa onlara silah vermişdi?

Elə Flora kimi düşünən insanlar yıxmadı Cümhuriyyəti?

Yaxud Elçibəyi yıxan, onu xaincəsinə satan Türkiyə idi yoxsa o dövrdə onun yanında rəsmən olan amma Rus kəşfiyyatına xidmət edən şəxslər olmadımı? Bu xalq Elçibəy prezident seçiləndə ona alqış deyəndən sonra onu sonra təhqir etmədimi? Elə Flora Kərimova Elçibəyin əsgəriyəm deyib Elçibəyin özünün əsgəri olduğu Atatürkə xain demək özü xəyanət deyilmi ? Atatürkün məzarı üstündə anıt dəftərinə Elçibəyin " Mən sənin əsgərinəm" deməsini bilmirsiniz?

Guya 44 günlük müharibə dövründə içimizdə xainlər olmadı? Guya indi beşinci kalona xidmət etmək xainlik deyil? Guya indi 44 günlük müharibədə bizə sonuna qədər dəstək verən Türkiyəni ittiham etmək xəyanət deyil ? Guya Bakını azad edən Nuru Paşanı ittiham etmək xəyanət deyil? Atatürkü ittiham etmək xəyanət deyil? Öz xəyanətlərimizə göz yumub bir iki türk siyasi xadiminin səhvinə görə onları asıb kəsmək xəyanət deyil ?
Tarixdən çox şey yazmaq istəmirəm. Çünki siz bunu başa düşməyəcəksiniz. Sadəcə bir neçə fakt yazacam. Deyirsiz Tağıyev faytonla qızıl göndərib Nuru Paşaya. Tağıyev nəinki faytonla hətta qatarla qızıl göndərməyə borclu idi. Çünki Bakıdan milyonlar qazanan Tağıyevin və digərlərinin milyonları əllərindən alınmış idi. Bakı erməni və ruslar tərəfindən talan edilirdi. Hər şey əllərindən çıxmaq üzrə idi. Nuru Paşa lap türk olsa da belə niyə gəlib sizlərin milyonların qorumalı, Bakını və sizləri azad etməli idi? Dədəmizə borcu var idi məgər? Məscidləri azad etməli idi, dövlətimizin paytaxtını Gəncədən Bakıya köçürüb bizi müstəqil dövlət kimi dünyaya tanınmamızı və 23 ay müstəqil olmağımıza səbəb olmalı idi? Nəyinə lazım idi onun? Pul yaxud qızıla görə, neftə görə? Elə Kərkük, Mosul onlara bəs edərdi də, yaxud Mərkəzi Asiyanın qızılları onların 700 arxa dönəminə bəs idi də. Hər şey pul ilə ölçülmür axı. Nuru Paşanın bizə heç bir borcu yaxud alacağı yox idi ki, gəlsin Bakımızı düşməndən təmizləsin. Hələ gedib onun qəbri üstündə dua edin ki, gəldi xilas elədi. Yoxsa Bakıda bu gün nə siz xalq artisti idiniz, nə biz müstəqil idik, nə də Azərbaycan adlı dövlət yox idi.

Sadəcə bir faktı deyəcəm. Deyirsiz ey Tağıyev qızıl göndərdi ondan sonra Nuru paşa gəldi, amma sizin böhtanızın heç bir əsası yoxdur. Tağıyev Bakı azad edən şəxsə öz mülkünü hədiyyə edəcəyini söz vermiş idi. Demişdi ki, kim Bakını və mənim evlərimi azad eləsə ona ən böyük mülkümü hədiyyə edəcəm. Və Nuru Paşa Bakını azad edən günün səhərisi Tağıyev ona yaxınlaşıb açarı vermək istəyəndə Paşam demişdir ki, Hacı bu bizim qardaşlıq borcumuz idi. Eşitdiniz Flora xanım, qardaşlıq borcu. Nə fayton qızıl, nə də heç bir pul yox ha.

İkinci Atatürk məsələsinə gələk.

Bolşeviklər Azərbaycanı işğal etmək üçün yola çıxanda nə Böyük Millət Məclisi açılmışdı, nə də Mustafa Kamal Məcslinin rəisi seçilmişdi.28 aprel 1920-ci il tarixində Azərbaycan Sovet Rusiyası tərəfindən işğal olunarkən Türkiyədə Atatürkün hakimiyyətinin quruluşundan heç 100 saat da keçməmişdi. Belə qısa bir müddətdə hər hansı bir "satış" prosesindən danışmaq absurddur. Bundan əlavə, Ankara hökuməti Azərbaycanı qorumaq istəsəydi belə, nə edə bilərdi? İşğalçı Ordunun Bakıya daxil olduğu tarixdə Mustafa Kamal Paşanın əmrində Qafqaza göndərə biləcəyi nizami bir qoşun mövcud deyildi.

Bu gün Naxçıvan Azərbaycanın tərkibindədirsə, bunun üçün Mustafa Kamalın başçılıq etdiyi Türkiyəyə minnətdar olmalıyıq. Reallıq budur ki, Moskvada Naxçıvanın taleyi həll olunanda Atatürk sayəsində ora bizim torpaq olaraq qaldı. Yoxsa çoxdan erməniyə verilmiş idi.

Naxçıvan Muxtar Respublikası yaradılarkən Naxçıvan və Türkiyə arasında ümumi sərhəd yox idi. Bu, Mustafa Kamal Atatürk İran şahı Rza Pəhləvi ilə Türkiyə ərazisinin Naxçıvana doğru uzadılaraq dəyişdirilməsi üçün ərazi dəyişikliyi barədə razılaşma əldə etdikdən sonra mümkün oldu.

Dəyişiklik 1930-cu illərdə Türkiyə ilə Azərbaycan arasında 11 kilometrlik sərhəd xəttinin yaradılmasına imkan verdi.
Bu məqsədlə Türkiyə kompensasiya olaraq özünün cənubdakı bəzi torpaqlarını İrana verdi. Amma bunun nəticəsi nə oldu? Türkiyə vasitəsilə hazırda Naxçıvan vasitəsilə ilə Azərbaycan Avropaya çıxış əldə etdi.

Ona görə də bilmədiyiniz tarixi danışmayın. Rusun, farsın ağzı ilə danışmayın. İzn verin Qarabağ istiqamətində aparılan diplomatik və hərbi siyasətdə Türkiyə yanımızda olsun. Vallah Türkiyə əlini çəksə Qarabağ və Naxçıvan məsələsində çətin vəziyyətə düşəcəyik. Heç olmasa xalq artisti yaxud kim olursunuza olun, xalqın azadlığın və xoşbəxtliyini əlindən almayın.

Zaur Əliyev, dosent
Xəbəri paylaş