Dünyanın nüfuzlu dəniz agentlikləri “Palmali”nin yüksək təhlükəsizlik və keyfiyyət standartlarını təsdiq edir.
Dünya sularında yükdaşımalara görə liderlərdən sayılan “Palmali Holding” donanmasının fəaliyyəti nüfuzlu dəniz agentliklərinin diqqətini cəlb etməyə davam edir.
Newscenter.az xəbər verir ki, bu dəfə Liberiya Gəmi Qeydiyyatı Departamenti tərəfindən “Palmali” şirkətinə onun yüksək təhlükəsizlik və keyfiyyət standartları əsasında çalışdığını vurğulayan məktub ünvanlanıb.
Məktubda bildirilir ki, son iki ildə Liman Dövlət Nəzarəti tərəfindən aparılan yoxlamalar zamanı “Palmali” donanmasında heç bir nöqsan aşkar edilməyib. Bundan əlavə, şirkətin öz fəaliyyətində dəniz qanunvericiliyinə tam əməl etdiyi, təhlükəsizlik və keyfiyyətə görə irəli sürülən bütün standartlara riayət etdiyi vurğulanıb.
“Palmali Holding” şirkətinin prezidenti Mübariz Mənsimov bu nailiyyətlərin əldə olunmasında xidməti olan dəyərli donanma heyətinin hər bir üzvünə dərin minnətdarlığını bildirir. “Palmali” donanmasının gəmiləri bundan sonrakı xidmətlərində daha da təhlükəsiz və daha da keyfiyyətli fəaliyyət göstərmək üçün səylərini əsirgəməyəcək.
NEWSCENTER.AZ