"Rusiya və Ermənistan arasında kəskinləşən ziddiyyətlər fonunda, Ermənistanın şərti sərhəddimiz boyu hərbi texnika və canlı qüvvə toplaması növbəti təxribata əl atmasını göstərir".
Bu fikirləri Newscenter.az-a səsləndirən siyasi ekspert Çingiz Şahbazi deyib ki, Ermənistanın 44-günluk muharibədə aldığı şiddətli məğlubiyyət, onu Azərbaycana qarşı belə tezliklə genişmiqyaslı hərbi əməliyyatlara başlamasına imkan vermir və əksinə belə bir addımın atılması nəticəsində Azərbaycanın cavabı Ermənistan üçün çox ağır nəticələrə səbəb ola bilər:
"Ermənistanın belə risk altına girməsi qətiyyən inandırıcı deyil. Sərhəddimiz boyu baş verən bu hərəkətlilik Pasinyan hakimiyyətinin atdığı siyasi xarakterli addımdır və bu addım Ermənistanı himayə edən xarici qüvvələri daha çox aktivlik göstərməsi üçün lazımdırsa, həmçinin ölkənin daxilində olan revanşist qüvvələri susdurmağa hesablanmış sayıla bilər".
Çingiz Şahbazi deyib ki, Azərbaycan tərəfinin Xankəndi və ətrafında antiterror əməliyyatları həyata keçirməsi ilə bağlı son vaxtlarda səsləndirdiyi fikirlər, əslində separatçı erməni millətçilərini qorxuya salıb:
"Onlar Azərbaycanın belə bir addım atacağını gözlədiklərini açıq şəkildə ifadə edirlər. Belə bir qorxu və gərginlik içində olan Ermənistan və üstəlik siyasi baxımdan ölkə daxilində sabitliyi itirməkdə olan hakimiyyət və xarici siyasətində ABŞ və Rusiya arasında əzilməklə başını itirmiş, bundan dolayı hansı qərarların qəbul edilməsində çətinliklərlə üzləsən Pasinyan hakimiyyəti, heç vaxt belə bir vəziyyətdə hücum etmək qərarı verə bilməz".
Ekspert deyib ki, Ermənistanın indiki dönəmdə ölkəmizə qarşı hərbi hücumu, onun sonu ola bilər.
Anar Əliyev