"Fransa Ermənistana hər platformada dəstəyini ifadə etməklə vəziyyətin qeyri-sabit qalmasında maraqlıdır. Rəsmi Paris düşünür ki, qeyri-sabit vəziyyət Ermənisitan cəmiyyətində Rusiyanın Ermənistanı müdafiə edə bilməməsi düşüncəsini daha da inkişaf etdirə və nəticədə anti-Rusiya mövqeyini möhkəmləndirə bilər".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, bununla Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağı hədəfləyən Fransa və ABŞ sonrakı mərhələdə Rusiyadan qalan yeri özlərinin doldurmasını hədəfləyirlər:
"Problem ondadır ki, vəziyyətin gərgin olaraq almasında maraqlı olan tərəf təkcə Qərb deyil. Rusiyanın özü də tərəflərin sülhdə anlaşmamasında maraqlıdır. Çünki Rusiyaya görə Azərbaycan və Ermənistan arasında sülh nəticə etibarilə Rusiyanın təkcə Qarabağdan deyil, həm də növbəti mərhələdə Ermənistandan da çıxması demək olar".
Yusif Bağırzadə bildirib ki, eyni şeyi İranla bağlı da demək olar:
"Rəsmi Tehran da öz maraqları prizmasından Azərbaycan və Ermənistan arasındakı sülhdə maraqlı deyil. Başqa sözlə desək adı çəkdiyim oyunçulardan hər birinin vəziyyətin gərgin qalmasında öz maraqları olduğu üçün Ermənistan da mütəmadi olaraq təxribatlar törətməklə prossesi uzatmağa çalışır".
Anar Əliyev