Prezident İlham Əliyevin ABŞ dövlət katibi Entoni Blinkenlə ilə telefon danışığı bölgədəki son durumla bağlı Azərbaycanın mövqeyini rəsmi Vaşinqtonun diqqətinə çatdırmaq baxımından olduqca əhəmiyyətlidir. Ümumiyyətlə, qlobal dünya siyasətinin əsas aparıcı aktorlarından biri olan Amerika Birləşmiş Ştatlarının dövlət katibinin Azərbaycan Prezidenti ilə tez-tez telefon danışıqları aparmasının özü də artıq müsbət bir ənənəyə çevrilməkdədir. Bu da heç şübhəsiz ki, Azərbaycanın mövqeyinin ABŞ üçün əhəmiyyətli olduğunu göstərir.
Son telefon danışığı zamanı ABŞ-Azərbaycan ikitərəfli münasibətləri ilə yanaşı, Ermənistan və Fransa tərəfindən Azərbaycanın “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısına “humanitar” təyinatlı olduğu iddia edilən yüklərin gətirilməsi ilə Laçın yolu məsələsini siyasiləşdirmək cəhdləri, habelə “blokada” və “aclıq”dan dəm vuran separatçıların Ağdam-Xankəndi yolunda blokada qurması, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə Qarabağın erməni icması üçün əraziyə çatdırılan humanitar yüklərin qanunsuz separatist rejim tərəfindən qəbul edilməməsi kimi sağlam məntiqdən uzaq olan məsələlərin hamısı ətraflı müzakirə edilib.
Dövlət başçımız Blinkenin diqqətinə çatdırıb ki, Bakı ilə razılaşdırılmadan Ermənistan və Fransa tərəfindən Azərbaycanın “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısına “humanitar yardım” adı altında qanunsuz yüklərin gətirilməsi birbaşa Azərbaycanın daxili işlərinə qarışmaqdır, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir. Azərbaycan təbii ki, bu halı qəbul edə bilməz.
Azərbaycan Prezidenti sözügedən telefon danışığı zamanı birmənalı şəkildə vurğulayıb ki, rus sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazilərə humanitar yüklər ilk mərhələdə yalnız Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi-Əsgəran yoluyla daşına bilər. Və yalnız bundan sonra Laçın-Xankəndi yolunun açılması mümkündür. Nə Ermənistan, nə də onun havadarları Laçın yoluna qaçaqmalçılıq yolu kimi baxmamalıdır. “Laçın” postu da Azərbaycanın digər ölkələrlə sərhəd məntəqələrindəki sərhəd-buraxılış postları kimi eyni qaydada fəaliyyət göstərəcək və bu postdan yüklərin buraxılması sərhəd-buraxılış postlarının ümumi tələblərinə uyğun olaraq həyata keçiriləcək. Ermənistan rəhbərliyi artıq dərk etməlidir ki, dərəbəylik dövrü bitdi.
Yeri gəlmişkən, ABŞ dövlət katibinin Azərbaycan Prezidenti ilə telefon danışığı zamanı, erməni icması üçün humanitar yüklərin Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi-Əsgəran yoluyla daşınması təşəbbüsünü bəyənməsi də öz-özlüyündə Ermənistana, Fransaya çox ciddi mesajdır. Blinken bununla başa salmaq istəyib ki, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşılmalıdır. İrəvan, Paris və digər siyasi mərkəzlər ABŞ dövlət katibinin bu ismarıcından düzgün nəticə çıxarmalıdır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri