Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanımasına baxmayaraq, bu ölkənin müxtəlif beynəlxalq təşkilatlarda akkreditə olunmuş diplomatik nümayəndəlikləri yenə də qanunsuz rejim adından müxtəlif növ sənədlər yaymaqda davam edirlər.
Newscenter.az xəbər verir ki, bu barədə sentyabrın 8-də Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun iştirakı ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə bildirilib.
Qeyd olunub ki, bu qeyri-qanuni qurumun "prezidentinin" planlaşdırılan qondarma "seçkiləri" son dərəcə təxribatçı addımdır. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bu cür açıq şəkildə pozulması heç bir halda məqbul və qəbuledilən deyil.
"Qeyd olunan Ermənistan tərəfindən törədilmiş təxribatlar normallaşma prosesinə mənfi təsir göstərir və beynəlxalq aktorların bu istiqamətdə səylərini heçə endirir. Ermənistanın məsuliyyətsiz və destruktiv davranışından irəli gələn risk və təhdidlərin adekvat şəkildə başa düşülməsi və Ermənistanı bu cür hərəkətlərdən çəkindirmək üçün müvafiq tədbirlərin görülməsi zəruridir", - brifinqdə bildirilib.
Mehman Mehdiyev