Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın müdafiə sənayesi müasir tələblərə uyğunlaşdırılır

Azərbaycanın müdafiə sənayesi müasir tələblərə uyğunlaşdırılır


Dövlətimizin başçısı İlham Əliyev günümüzün əsas hədəflərindən bəhs edərkən işğaldan azad edilmiş ərazilərimizin bərpasını və hərbi qüdrətimizin gücləndirilməsini xüsusi qeyd edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusu gücü, qüdrəti sayəsində 44 gündə 30 ilin işğalına son qoyuldu. Lakin son üç ilin reallıqlarına diqqət yetirdikdə Ermənistanda revanşist qüvvələrin baş qaldırdığını, işğalçı dövlətin mütəmadi təxribatlar törətdiyini görürük. Azərbaycan Silahlı Qüvvələrinin bu illər ərzində həyata keçirdiyi “Qisas”, “Qətiyyətli cavab”, bu ilin iyun ayında yenidən “Qisas” əməliyyatı Ordumuzun malik olduğu imkanların bir daha nümayişi oldu. Azərbaycan Ordusu ölkəmizə qarşı bütün təxribatların qarşısını qətiyyətlə alır. Təbii ki, bu, dövlətimizin iqtisadi və maliyyə imkanlarının artması fonunda ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atdığı davamlı addımların nəticəsidir. Silahlı Qüvvələrimiz hazırda dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

O vurğulayıb ki, Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dünyada qaydaların tamamilə pozulduğu xüsusi qeyd edildi. Bildirildi ki, davranış qaydalarına, beynəlxalq hüquqa əməl edilmir. Böyük dövlətlər, hansılar ki, beynəlxalq hüququn təminatçısı rolunu öz üzərinə götürüblər, birinci onlar bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar. Ona görə, ilk növbədə, özümüzü, öz müstəqilliyimizi, seçimimizi, həyat tərzimizi, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu istiqamətdə çox ciddi addımlar atılır. Bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq. Çünki bu proses davamlıdır.

Deputat qeyd edib ki, dövlətimizin başçısı ölkənin müdafiə sənayesinin müasir tələblərə uyğunlaşdırılması və ordunun hərbi-texniki təchizatının daxili istehsal hesabına təmin edilməsi, Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olunması, habelə bu sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin qabaqcıl korporativ idarəetmə təcrübəsi tətbiq edilməklə rəqabətədavamlılığının, maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması, gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi, vahid prinsiplər əsasında idarə olunması məqsədilə “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 sentyabr tarixli 462 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Fərman imzalayıb.

“Silahlı Qüvvələrimizin bugünkü qüdrəti o ağır illərdə xalqa xilas yolunu göstərən Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində apardığı siyasətin məntiqi nəticəsidir. Ümummilli Lider hakimiyyətə qayıdışı ilə ölkəni ağır vəziyyətdən çıxarmaqla təkmil islahatların aparılmasını şərtləndirdi. Son 20 ilə yaxın dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev müdafiə sənayesinin inkişaf etdirilməsini zamanın tələbi kimi dəyərləndirir. Dövlətimizin başçısının Sərəncamı ilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılmasından sonra ölkəmizdə bu sahənin inkişafında yeni mərhələ başladı. İyirmi zavodda 1200-dən artıq hərbi təyinatlı məhsulun istehsalı Ordumuzun qüdrətini artıran amillərdəndir. Prezident İlham Əliyevin Fərmanı ilə “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması bu sahədə müəyyənləşdirilən hədəflərin uğurlu icrasına böyük töhfə olacaq”, - deyə Malik Həsənov bildirib.

Azərbaycanın müdafiə sənayesi sahəsində beynəlxalq əməkdaşlığa da xüsusi önəm verdiyini diqqətə çatdıran deputat əlavə edib: “Tarixi Zəfərimizdən sonra qardaş Türkiyə ilə bu sahədə möhkəmlənən əməkdaşlıq diqqətdən kənarda qalmır. Azərbaycan Türkiyənin hərbi təhsil sahəsində ən sıx əməkdaşlıq etdiyi və Türkiyə Silahlı Qüvvələri tərəfindən təhsil dəstəyinin təmin edildiyi ölkələr arasında ön sıradadır. Azərbaycan hərbçilərinin Türkiyədə keçirilən hərbi təlim-məşqlərdə iştirakı əsgər və zabitlərimizin peşəkarlığını, döyüş qabiliyyətini artırır. Dövlətimizin başçısı hədəflər sırasında Azərbaycan Ordusunun bundan sonra da Türkiyə modeli əsasında inkişaf edəcəyini xüsusi qeyd edir. Prezident İlham Əliyevin Türkiyənin inkişaf etmiş, çağdaş müdafiə sənayesi və Azərbaycanda “Bayraktar” Mərkəzinin yaradılması ilə bağlı fikirləri iki qardaş ölkə arasında hərbi sahədə həyata keçiriləcək layihələrin davamlı olacağından xəbər verir”.

Deputat, eyni zamanda, diqqəti dövlətimizin başçısının sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023” beynəlxalq təliminin iştirakçıları ilə görüşünə yönəldərək bildirib ki, türkdilli dövlətlərlə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türk dünyası böyük bir ailədir. Son illərdə bütün üzv və müşahidəçi ölkələr tərəfindən TDT-yə böyük dəstək göstərilir. Bu gün dünya miqyasında Türk Dövlətləri Təşkilatı öz layiqli yerini tutub.

Anar Əliyev
Xəbəri paylaş