Azərbaycanın düşmənləri bu xalqa kənardan edə bilmədiyini daim ölkənin daxilindən törədib. Müstəqillik illərində bunun dəfələrlə şahidi və qurbanı olmuşuq.
Dünəndən başlayaraq bizim xalqa, cəmiyyətə sırınan və bir çoxlarının yüksək ekstazla tirajladığı çevrilmiş "A" simvolikasının yayılması da bunun növbəti əyani sübutudur.
Azərbaycan ordusunun döyüş texnikasının və avtomaşınlarının üzərinə həkk olunmuş bu əcaib simvolikanın mənasını heç onu tirajlayanların özləri də bilmirlər. Ona görə də hərəsi bir "izahat" uydurur.
Halbuki müasir dünyada istənilən simvolikanın bir mənası var: o, özündə təcavüzkarlıq, işğal, ksenofobiya və faşizm mənası daşıyır. Təsadüfi deyil ki, son yüzillikdə simvolika ilə iki ölkə yadda qalıb.
Bunlar svastika ilə qeyd olunan faşist Almaniyası və Z ilə işarələnmiş işğalçı, cinayətkar Putin ordusudur. Bu da təsadüfi deyil ki, onların hər ikisi sivil dünyada qanunla qadağan olunub.
Ölkəsinin ərazi bütövlüyü uğrunda haqlı savaş aparan Azərbaycan Ordusunu belə eybəcərliklərlə işarələmək onu insanlıq düşməni olmuş faşist Almaniyası və bu gün Ukraynada insanlığa qarşı cinayətlər törədən Putin Rusiyası ordusu ilə eyniləşdirmək məqsədi güdür.
Hər kəsdən xahiş edirəm: bundan imtina edin, buna qarşı çıxın, bunu yayanlara izah edin. Azərbaycan Ordusunun heç bir simvolikaya ehtiyacı yoxdur.
Bizim ordumuzun canlı simvolları var.
Həmin simvollar ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və təhlükəsizliyi uğrunda canından keçmis şəhidlərimiz, gəncliyini və sağlamlığını vermiş qazilərimiz, bütün yaşanmış dəhşətlərə rəğmən bu gün də səngərlərdə keşik çəkən qəhrəman əsgər və zabitlərimizdir.
Qalan bütün uydurma simvolikalar Azərbaycan xalqının, onun ordusunun və ölkəmizin üzərinə kölgə salmağa yönəlmiş düşmən təxribatıdır. Belə təxribatlara dəstək verməyək!
Ərəstun Oruclu-politoloq